Tovuzda düşmən güllələrindən qorunmaq üçün divar hörülür
Tovuzun Ermənistanla sərhədində yerləşən Əlibəyli kəndində düşmən güllələrindən qorunmaq üçün divarlar hörülür. Tikintisinə bir neçə il əvvəl başlanılan divarların inşası davam etdirilir.
Məlumata görə, bu, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi (ARRA) tərəfindən həyata keçirilir. Bir neçə il əvvəl inşasına başlanılan divarlar əsasən sosial, təhsil obyektlərini və təmas xəttinə yaxın olan evləri güllədən qorumaq funksiyasını yerinə yetirir. İcra Hakimiyyətindən bildirilib ki, Tovuzun Hacallı kəndində 500 metrə kimi belə divar hörülüb. Əlibəylidə isə 700-800 metr hörülsə də bu iş davam etdirilir. Tovuzun düşmənlə sərhədində yerləşən Ağdam kəndində də belə divarların inşası nəzərdə tutulur.
Qoruyucu divarların hündürlüyü 4 metr eni isə 80 santimetrdir.
Qeyd edək ki, Tovuzun Əlibəyli kəndi Ermənistanla təmas xəttinə ən yaxın olan yaşayış məntəqəsidir. Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində bu kəndə tez-tez mülki şəxslər yaralanır.
Mediainfo.az