
Oğuz və Şəkidə baş verən zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib
Azərbaycanda bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.
Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifov apa-nın Şəki-Zaqatala bürosuna bildirib ki, ilkin məlumata görə, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma halları baş verib.
Şəki rayonunun icra qurumlarından da bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə - Turan qəsəbəsi, Sarıca kəndi və s. köhnə tikililərdə çatlar yaranıb. Hər iki rayonun FHK əməkdaşları həmin ərazilərə ezam olunub, evlərə baxış keçirilir. Xəsarət alan yoxdur.
Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 7 bala qədər, respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib. Zəlzələ Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində də hiss olunub. Qeyd edək ki, həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ baş verib.
Mediainfo.az