Avtomobil ağaca çırpıldı: 3 ölü, 4 yaralı
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 113-cü km-də, Zaqatala rayonunun Əliabad kəndi ərazisində ağır yol qəzası qeydə alınıb. Balakən rayonu Qabaqçöl qəsəbə sakini Nuruyev Nuru Ramazan oğlunun idarə etdiyi "Opel-Vectra" markalı avtomobil hərəkət istiqamətini itirərək yolun kənarındakı ağaca çırpılıb. Baş vermiş ağır yol qəzası nəticəsində avtomobildə olan bir ailənin iki üzvü - 1981-ci il təvəllüdlü, Balakən rayonu Qabaqçöl qəsəbə sakini Teyibova Puhiyyə Şamil qızı, onun 2005-ci il təvəllüdlü oğlu Qaxov Maqammedəli Rəfail oğlu və avtomobilin sürücüsü Nuru Nuruyevin 2008-ci il təvəllüdlü qızı Nuruyeva Diana Nuru qızı hadisə yerində keçinib. Avtomobilin sürücüsü Nuru Nuruyev və avtomobildə olan digər sərnişinlər - Balakən rayonu Qabaqçöl qəsəbə sakinləri, 1961-ci il təvəllüdlü Gəncəyev Abdulla Dada oğlu, 1986-cı il təvəllüdlü Nuruyeva Aynurə Zumrat qızı və 2002-ci il təvəllüdlü Qaxova Gülzar Rəfail qızı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
İdarəetməni itirmək hərdən həyatı da itirməyə səbəb olur.
Tofiq Əliyev
O.M.