
Vergilər Nazirliyi Bakıda kazino aşkarlayıb
Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti Bakıda qanunsuz kazino aşkarlayıb. Nazirlikdən "APA" verilən məlumata görə, departamentin iyulun 13-də həyata keçirdiyi tədbirlər zamanı Bakının Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi, 61 ünvanında yerləşən ictimai iaşə obyektinin bir hissəsində kompüter vasitəsilə uduşlu oyunların keçirildiyi kazino aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, sahibi Nəcəfov Elnur Elşad oğlu olan obyekt etibarnamə ilə Vəliyev Fikrət Eyvaz oğluna verilib. Özünü kazinonun məsul operatoru kimi təqdim edən Malyuqa Tatyana Viktorovnanın Ukrayna vətəndaşı olduğu da müəyyənləşib. Tədbir zamanı maddi sübut kimi əhəmiyyət kəsb edən və qanunsuz əldə olunan gəlirlər barədə məlumatların daşıyıcısı olduğu ehtimal edilən 14 ədəd kompüter prosessoru, müxtəlif qeydlər aparılan "qara mühasibatlıq" sənədləri aşkar edilərək götürülüb. Kazinoda olan müştərilərdən də müvafiq izahat alınıb və bu izahatlar əsasında həqiqətən də kazinoda qanunsuz olaraq pul uduşlu oyunların keçirildiyi sübuta yetirilib. Hazırda qanunsuz oyunların təşkilatçılarının dəqiqliklə müəyyən edilməsi, əldə olunan gəlirlərin həcminin dəqiqləşdirilməsi və vergi qanunvericiliyinin tələblərinin tətbiqi istiqamətində işlər davam etdirilir.
Qanunsuz uduşlu oyun keçirilən kazinonun sahibi özünü "oyun"a saldı.
Tofiq Əliyev
O.M.