Jurnalistlə mağaza rəhbərliyi arasında "hüquqi-iqtisadi sfera"da mübahisənin nəticəsi
Bəzən insanlar hansısa orqanı, mağazanı, idarəni fırıldaqçılıqda ittiham edir, orda-burda narazılığını bildirirlər. Ətrafdakılar əlbəttə ki, ona haqq qazandırır. Amma çox nadir hallarda, "get tələbini elə!" kəlməsini deyən tapılır.
Əslində, peşəsindən asılı olmayaraq hər birimiz qanundakı hüququmuzu bilməli və qarşı tərəfdən bir vətəndaş olaraq haqqımızı tələb etməliyik. Misal olaraq: Jurnalist Kamil Əmirli ilə "LC WAIKIKI" mağazası arasında yaranmış mübahisənin nəticəsi:
"Bu ayın 7-i "28 Mall" ticarət mərkəzindəki "LC WAIKIKI" mağazasından köynək almışdım. Srağagün axşamüstü geyindim və dünən yuyulandan sonra gördük ki, paltarın üzərində olan yazının rəngi digər hissələrinə keçib və köynək özü loru dildə desək, əldən tökülür. Bu gün getdim mağazaya. Malı ya geri qaytarsınlar, ya da başqası ilə əvəzləsinlər. Kassir yeni mal seçib yaxınlaşmağı dedi. Yenisini seçib yaxınlaşdım kassaya, bu zaman adminstrator yaxınlaşdı, problemi soruşdu. Daha sonra müdriyyətə xəbər verildi və özünü müdir olaraq təqdim edən mağazanın məsul şəxsi Fərrux Ələkbərov yaxınlaşdı.
Paltarın yuyulma qaydalarına uyğun yuyulduğunu, lakin rəngin çıxdığını dedikdə, "ola bilməz ki, bizdə belə deffektli mal olsun. Üstəlik bu geyinilib, yuyulub. Hər şey bir qırağa, aparıb bunu otaqda suya salıb yoxlayacam görüm, rəngi çıxır, ya yox", - dedi. Mən də haqlı olduğum üçün, "buyurun, mal sizindir, necə istəyirsiniz, yoxlayın", - dedim.
Təqribən 1-2 dəqiqə sonra əlində köynək kassaya yaxınlaşdı, amma heç bir yoxlama-filan aparmamışdı. Və yenə eyni sözləri təkrarladı. Mənə mağazanın daxili qaydalarından və qanundan dəm vuran Fərrux Ələkbərov dedi ki, biz malı müəyyən şərtlər daxilində geri qaytara və ya əvəz edə bilirik. Dedim, bundan xəbərim var və bu məsələnin arxasınca düşəcəyimi bildirdikdə, deyir, "hara istəyirsiniz, deyin. Bakının 90%-i bizdən mal alır, amma heç kim malı geri qaytarmır"
Halbuki, məndən 1-2 dəqiqə qabaq bir orta yaşlı kişi uşağı üçün aldığı paltarı rahatlıqla qaytarmışdı.
Kassada gözləyib malı yenisiylə əvəzləməyincə getməyəcəyimi israrla dedim və lazımi şikayəti edəcəyimi deyəndən sonra düşündü və "hə, malı dəyiş, "brak" yaz getsin" dedi.
P.S. (1) "İstehlakçı hüquqları haqqında qanun"un 15-ci maddəsində bildirilir ki, mal alınan gün sayılmamaq şərtilə ondan sonrakı 14 gün müddətində geri qaytarıla və ya yenisi ilə dəyişdirilə bilər.
P.S. (2) Bəlkə də dəyişdirilmək istənilən mal geyinildiyi və ya yuyulduğu üçün qaytarmaq (əvəzləmək) qanuna ziddir, amma qanunda bir əsas maddə var ki, mal istehlakçının tələbini ödəmədikdə qaytara (əvəzlənə) bilər. Üstəlik, marketingin əsas prinsiplərindən biri səhv bilmirəmsə, "müştəri hər zaman haqlıdır" cümləsidir.
P.S. (3) Məsələ pulda, köynəkdə və sairdə deyil. Məsələ haqsızlıqda və yanlışlıqdadır. İstifadəyə tam da yararlı olmayan malı satdıqdan sonra şikayətləri qəbul etməyən, etsə də, müxtəlif bəhanələr yaratmaqla vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışan "LC WAIKIKI" kimi şirkətlər az deyil. Bunlar heç divara iri hərflərlə çap etdirib asdıqları qanunu da oxumurlar.
Mediainfo.az






























































































