BMT: Ermənistanda əhalinin sayı azalır

BMT: Ermənistanda əhalinin sayı azalır

12 İyul 2011 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

BMT Əhali Fondunun Dünya Əhali Gününə həsr edilmiş hesabatında bir çox dünya ölkələrində əhali artımı proqnozlaşdırılıb. Hesabat müəllifləri Ermənistanda əks-tendensiyanın müşahidə ediləcəyi qənaətinə gəliblər. Hazırda Ermənistan əhalisi 3 milyondan bir qədər artıqdır. BMT ekspertlərinin sorğusuna əsasən rəyi soruşulmuş 1139 erməni ailəsinin 68,3%-i dünyaya yeni uşaq gətirməyi planlaşdırmır. Rəyi soruşulanların cəmi 16%-i daha bir övlad arzusundadır. Yerdə qalanlar isə bu suala cavab verməkdə çətinlik çəkiblər. Erməni ailələrinin dünyaya daha bir uşaq gətirmək istəməməsi ölkədə çətin sosial-iqtisadi durum, habelə erməni qadınlarının son vaxtlar karyeranı ailədən üstün tutmaları ilə bağlıdır. BMT-nin İrəvan ofisinin eksperti Ruben Yeqanyan bildirib ki, hazırda demoqrafik inkişaf dinamikası Ermənistanın xeyrinə deyil, qonşu ölkələrdə isə tam fərqli mənzərə müşahidə edilir.

BMT Əhali Fondunun Azərbaycana aid bölməsində isə son illər ölkədə əhali artımının müşahidə edildiyinə diqqət çəkilib. BMT bildirir ki, 2005-ci ildən başlayaraq hər il Azərbaycan əhalisi orta hesabla 1,2% artır. Bildirildiyinə görə, Azərbaycanda son illər yoxsulluğun azaldılması və səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.

Tofiq Əliyev

O.M.