Su borcunun silinməsi haqda fərman verildi
Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
08 aprel 2011, 19:30 |
Son illərdə respublikamızın yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının və bununla bağlı xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilir, yeni su təchizatı və kanalizasiya obyektləri tikilib istismara verilir, digər zəruri tədbirlər yerinə yetirilir.
Görülən tədbirlər əhalinin içməli su ilə fasiləsiz təmin olunmasına müsbət təsir göstərməkdədir.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan işlərin yerinə yetirilməsinin sürətləndirilməsinə şərait yaratmaq və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin.
2. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti:
2.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq silinmiş borcun və 2011-ci il 1 fevral tarixindən sonra yaranmış borcun məbləği barədə bildirişi 10 gün müddətində hər bir istehlakçıya göndərsin;
2.2. istehlakçılara göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin tam ödənilməsi və yeni borcların yaranmaması üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 1-ci hissəsinə əsasən əhalinin borclarının silinməsi ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlər görsün;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 aprel 2011-ci il.