"Beynəlxalq hava donanması" İsrail məkanına buraxılmadı

"Beynəlxalq hava donanması" İsrail məkanına buraxılmadı

8 İyul 2011 18:18
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail rəhbərliyi sülhməramlı hava donanması tərkibində müxtəlif ölkələrdən Fələstin fəallarının ölkəyə uçuşunu qadağan edib. İsrail xarici işlər nazirliyinin açıqladığı qara siyahıda 350-dən çox ad var. Müxtəlif ölkələrin aviaşirkətləri əvvəlcədən biletlərin alınmasına baxmayaraq onlardan çoxunu sadəcə təyyarələrin göyərtəsinə buraxmayıb. Bu isə İsrail tərəfinin həmin Fələstin fəallarının uçduqları aviaşirkətlərin hesabına geri qaytarılacağını elan etməsindən sonra baş verib. Təl-əviv aeroportuna gələn 6 Fələstin fəalı isə artıq İsraildən deportasiya edilib. Parisdə Ruassi aeroportunda 50-dən çox sərnişin "Lufthansa" şirkətinin nümayəndəliyi qarşısında toplaşıb. "Lufthansa" ilə yanaşı, İsveçrənin "Swiss Air", Macarıstanın "Malev", İtaliyanın "Alitalia" aviaşirkətləri də eyni addımı atıb. Analoji vəziyyət Brüsselin beynəlxalq aeroportunda da yaranıb. Orada da onlarla Fələstin fəalı Təl-əvivə uçan təyyarələrin göyərtəsinə buraxılmayıb. Uça bilməyən sərnişinlər şüarlar səsləndiriblər. Qeyd edək ki, Fələstin fəalları Təl-əviv yaxınlığındakı Ben-Qurion aeroportunda planlaşdırılan dəstək aksiyalarında iştirak etməyi, oradan isə İordan çayının qərb sahilinə yola düşməyi planlaşdırırdılar. Onlar bir neçə gün əvvəl Yunanıstan rəhbərliyinin "Azadlıq donanması-2"-yə daxil olan gəmilərin limanları tərk etməsinə qadağa qoymasından sonra fələstinlilərə bu yolla həmrəylik nümayiş etdirməyə hazırlaşırdılar.

Tofiq Əliyev

O.M.