Bakı küçələrində qida alveri qadağan olundu

Bakı küçələrində qida alveri qadağan olundu

11 İyul 2011 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yol kənarlarında çəlləklərdə kvas sərinləşdirici içkisinin satışı qəti qadağan olunub. Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev açıqlamasında məlumat verib. Onun sözlərinə görə, bu tip kvas içkilərinin satışına sertifikatların verilməsi tamamilə ləğv olunub. "İçkilər və dondurmalar laboratoriyalarda yoxlamalardan keçməlidir. Şəraiti olmayan yerlərdə sərinləşdirici içkilərin satılması qadağandır. Bu barədə Rayon Gigiyena və Epidemiologiya mərkəzlərinə göstəriş vermişik ki, bu halların qarşısı alınsın. Bu, həmçinin, yol kənarlarında şəraitsiz satılan sərinləşdirici sulara, içkilərə də aiddir",- deyə İmran Abdullayev vurğulayıb. İ.Abdullayevin sözlərinə görə, "Sədərək" ticarət bazarında və maşın bazarında kvas satışı aşkarlanıb və bunun qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Bundan əlavə, yol kənarlarında, küçələrdə, bazarlarda və insanların sıx olduğu yerlərdə əldə satılan pirojki, bulka, bublik və digər bişirilmiş un məmulatlarının da satışının qarşısı alınacaq. "Bir də görürsən ki, xəstə bir insan əlində çirkli ləyən, onun da içərisində pirojki, bulka və s. satır. Bu, başdan-ayağa mikrob mənbəyidir. Bilirsiniz, günah satanda deyil, onu alan şəxsdədir. O, sağlamlığının qeydinə qalmalıdır. Hansısa mağazadan, dükandan yemək alanda, həmin sahibkar o qidaya cavabdeh olur. Amma küçədən keçən insan qida satırsa, onu almaq olmaz. Çünki həmin şəxs satdığı yeməyə cavabdeh deyil. Əməkdaşlarımız reydlər keçirir və belə hal aşkar olunursa, polisin gücü ilə həmin şəxs cəzalandırılır", deyə İ. Abdullayev qeyd edib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi belə hallar aşkar olunarsa, vətəndaşlardan dərhal aidiyyatı şəxslərə müraciət etmələrini xahiş edir.

Atalarımızın belə bir sözü var: "Qarına gedən qazancdır." İstər yeyinti məhsulu olsun, istərsə də onun içindəki mikrob. Təki qarın boş qalmasın...

Günel Həbib

O.M.