Hotellərimiz "Eurovision 2012"nin turistlərini qəbul etməyə hazırdır

Hotellərimiz "Eurovision 2012"nin turistlərini qəbul etməyə hazırdır

7 İyul 2011 12:15
Bəyəndim (0) Bəyənmədim (0)
Bu haqda nazirlikdən açıqlama verilib

Bakıdakı hotellər "Eurovision 2012" mahnı yarışmasında iştirak etmək üçün Azərbaycanın paytaxtına gələcək qonaqları qəbul etməyə hazırdır. Bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, paytaxtdakı hotellər qonaqlara lazımi səviyyədə xidmət göstərə biləcəklər: "Hazırda Bakıdakı hotellərin vəziyyəti ilə bağlı heç bir problem yoxdur. Onlar qonaqlara lazımi səviyyədə xidmət göstərəcəklər. Bu məsələ ilə bağlı heç bir problem yarana bilməz". "Eurovision"a gələcək qonaqları Azərbaycan regionlarının turizm potensialı ilə tanış etmək üçün görülən tədbirlərə gəldikdə, A. İsmiyev deyib ki, bu işləri yerli turizm şirkətləri görə bilərlər. Nazirlik nümayəndəsinin sözlərinə görə, bütün yerli turizm şirkətlərinin saytlarında onların təklif etdiyi xidmətlər göstərilib. Xarici vətəndaşlar saytlara daxil olaraq, bu xidmətlərlə tanış ola və onlardan istifadə edə bilərlər. "Mənə elə gəlir ki, qonaqlar üçün hotellərin özlərində də hansısa xidmətlər təşkil ediləcək. Təbii ki, mehmanxanalar da öz növbələrində ekskursiya xidmətləri göstərməlidir. Mehmanxanalar ekskursiya xidmətini ya özləri təşkil edə, ya da bunun üçün əməkdaşlıq etdiyi turizm şirkətinə müraciət edə bilərlər", - İsmiyev qeyd edib. Şöbə müdiri onu da əlavə edib ki, "Eurovision"a gələcək qonaqların sayı və Azərbaycanın bu yarışmanın keçirilməsindən əldə edəcəyi gəlir barədə indidən heç kim konkret fikir söyləyə bilməz. Çünki "Eurovision 2012"-də neçə ölkənin iştirak edəcəyi hələ dəqiq bilinmir. Xatırladaq ki, Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub. 56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda SMS-səsvermə və professional jüri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared"). Bununla da Azərbaycan "Eurovision 2012" müsabiqəsini keçirmək hüququnu qazanıb.

Azərbaycan öz qələbəsi ilə bütün Avropanı ayağına gətirdi.

Günel Həbib

O.M.