Yanğında bir ailənin üç üzvü haqda bilmədiklərimiz...
Mayın 19-da Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində dünyasını dəyişənlər arasında Bakı-2015 Avropa Oyunlarının könüllüsü də olub. həlak olanlardan biri Oyunların "Alov qoruyanlar"ı komandasında yer alan Eyvazova Ülkər Hamir qızıdı. 21 yaşlı Ülkər BDU-nin ekologiya fakultəsinin tələbəsi idi. Onunla yanaşı, anası Şirinova Zülfiyyə Yavər qızı və 16 yaşlı qardaşı Eyvazov Davud Hamir oğlu da faciəli şəkildə dünyasını dəyişiblər...
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu hadisədən kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, bu 3 nəfər həmçinin, Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyevin bibisi və bibisi uşaqlarıdır.
Bundan başqa, əldə etdiyimiz məlumata görə, Şirinovlar ailəsi bu binada kirayədə qalırlarmış, çünki öz evləri təmir olunurmuş...
P.S. Şirinova Zülfiyyə Mamalıq və Ginekologiya İnstitutunun işçisi olub. Hansı ki, hazırda təmirlə əlaqədar bağlıdır. Sözügedən institutun kollektivi hələ də baş verənlərə inanmadıqlarını söyləyirlər.
Durna Əmirovanın dediklərindən:
"Zülfiyyə xanım o qədər alicənab, o qədər səliqə-səhmanlı, deyib-gülən, şən, zarafatcıl idi ki, onun ölümünə inanmağım gəlmir. Hələ iki gül balası... Onları o qədər çox sevirdi ki, ölümündə belə onlardan ayrılmadı... Dünəndən özümə gələ bilməmişəm. Bu dəhşətdir! Bir ailənin üç üzvü... Cavabdeh şəxslər qanun qarşısında cavab verməlidirlər! Günahsız insanların ölümündə birbaşa əli olanlar hər nə olur-olsun, məsuliyyətə cəlb olunmalıdırlar!"
Samirə Abbasovanın dediklərindən:
"Zülfiyyə xanımın ölümünə çox sarsılmışam, hələ də eşitdiklərimə inana bilmirəm. Ona ölüm heç yaraşmırdı... Bir hadisəni danışmaq istərdim. Bir neçə il öncə Zülfiyyə xanımgil ailəvi çimərliyə gediblərmiş. Orada qızı Ülkr dənizdə boğulub. Bu zaman Zülfiyyənin qardaşı tez özünü yetirərək, Ülkəri xilas edib, amma özü vəfat edib. Bu dəfə isə Ülkəri xilas edən tapılmadı... Çox üzücüdür. Allah hər üçünə qəni-qəni rəhmət eləsin. Ağır dərddir...
Allah rəhmət eləsin!
Hazırladı: Könül Aypara
































































































