
DİQQƏT: Bu yollara icazəsiz daxil olanlar 60 manat cərimələnəcək
Vaqif Əsədov: "Avropa Oyunları zolağına daxil olan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar"
Artıq paytaxt Bakının yollarında "Bakı-2015" ilk Avropa Oyunlarının əsas marşrut şəbəkəsi boyunca hərəkət zolaqlarının çəkilməsi prosesinə başlanıb.
Bu barədə mətbuata Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, zolaqda yalnız xüsusi buraxılış icazəsinə malik avtomobillər hərəkət edəcək: "Paytaxt küçələrində zolaqların çəkilməsi prosesi may ayının ortalarına kimi başa çatdırılacaq. Zolaqlar daxilində hər 250 metrdən bir "Bakı-2015" ilk Avropa Oyunlarının loqosu çəkilib. Sürücülər nəzərə almalıdırlar ki, bu zolağa daxil olmaq üçün xüsusi buraxılış tələb edilir".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov da musavat.com-a açıqlamasında bildirdi ki, bu zolağa hər hansı bir sürücünün daxil olması inzibati məsuliyyət yaradacaq: "Bu zolaqda ancaq təyin edilmiş nəqliyyat vasitələrinin hərəkəti nəzərdə tutulur. Buraya daxil olan digər sürücülər cərimə olunacaq. Yola müvafiq nişanlar qoyulacaq, kameralar quraşdırılacaq və nəzarət olunacaq. Əlavə nə məlumatlar olsa, biz mətbuat vasitəsilə cəmiyyəti məlumatlandıracağıq. Metronun "Koroğlu" stansiyasından Ziya Bünyadov prospektinə qədər xətlər artıq çəkilib və işlər davam etdirilir. Bu yollara Avropa Oyunlarının emblemi də vurulacaq".
Qeyd edək ki, Avropa Oyunlarının hərəkət zolaqlarından istifadə və parkinq qadağandır. Həmin zolaqlar yarışların keçirildiyi müddətdə fasiləsiz rejimdə mayın 29-dan iyulun 1-dək fəaliyyət göstərəcək.
Oyunların hərəkət zolaqları boyunca "Bakı-2015"in loqosu təsvir edilən və asanlıqla tanına bilən xüsusi yol nişanları qoyulacaq. Yalnız xüsusi buraxılışa malik nəqliyyat vasitələri bu hərəkət zolaqlarından istifadə edə biləcək. Ümumi şəhər nəqliyyatı isə yalnız digər hərəkət zolaqlarından istifadə edə biləcək.
Oyunların hərəkət zolaqlarından istifadə qaydalarını pozanlara qanunla nəzərdə tutulmuş şəkildə ciddi cərimələr tətbiq olunacaq. Bu hərəkət zolaqlarına Yol Polisi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həm müşahidə kameraları, həm də yollardakı polis əməkdaşları vasitəsilə nəzarət ediləcək.
Xatırladaq ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən girişi qadağan olunan yola daxil olduqda sürücülərə İnzibati Xətalar Məcəlləsi ilə 60 AZN məbləğində və 3 ballıq cərimə tədbiq edilə bilər. Avropa Oyunları zolaqlarına daxil olan sürücülərə də məhz bu cərimənin tətbiq ediləcəyi ehtimal edilir. Lakin daha dəqiq qərarlar zolaqlar tam hazır olduqdan və qadağa nişanları qoyulduqdan sonra bəlli olacaq.
Mediainfo.az