Zərdabda müəmmalı və mübahisəli ölüm

Zərdabda müəmmalı və mübahisəli ölüm

28 Aprel 2015 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Zərdabda 22 yaşlı gənc qəfil dünyasını dəyişib. Rayon Prokurorluğundan ANS-ə verilən məlumata görə, 1993-cü il təvəllüdlü Elnur Tahir oğlu Eminov aprelin 25-də axşam saatlarında yaşadığı evində ölüb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gediblər. Meyit müayinə üçün tibbi ekspertizaya verilib.

Dünyasını dəyişən Elnur Eminovun yaxınları polisə bildiriblər ki, onun ölümünə döyülməsi səbəb olub. Şikayətdə bildirilib ki, Elnur Eminov keçmiş arvadının qardaşı və babası tərəfindən Zərdab rayon Mərkəzi Xəstəxanasında döyülüb. Məhz ondan sonra gənc dünyasını dəyişib.

Hadisəni araşdıran rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərovun verdiyi məlumata görə, Elnur Eminovun meyiti tibbi ekspertizadan keçirilib. Hələlik analizlərin cavabları rəsmi şəkildə verilməyib. Lakin tibbi ekspertizadan şifahi şəkildə bildiriblər ki, Elnur Eminov beyninə qan sızması səbəbindən dünyasını dəyişib.

Müstəntiqin sözlərinə görə, hələlik gəncin ölümünə səbəb kimi onun döyülməsi təsdiqini tapmayıb.

"Mərhum və onun anası aprel ayının 14-də polisə şikayət edərək bildiriblər ki, Elnur Eminov bir müddət əvvəl Günay Novruz qızı Allahverdiyeva ilə ailə həyatı qurub. Lakin onların ailəsi 4 ay sonra dağılıb. Bu ilin aprel ayının 14-də Elnur Eminov qaynı və arvadının babası ilə rastlaşıb. Ailə münaqişəsi zəminində onların arasında mübahisə yaranıb. Nəticədə Elnur Eminovun başına zərbə endiriblər. Onu döyüblər", - deyə Rüfət Səfərov bildirib.

Həmin şikayətə əsasən Elnur Eminov tibbi müayinədən keçirilib. Lakin onun döyülməsilə bağlı şikayət təsdiqini tapmayıb. Yəni Elnur Eminovda heç bir xəsarət izi aşkar edilməyib.

"Elnur Eminovun ölümündən sonra onun yaxınları iddia edirlər ki, hadisə döyülmə səbəbindən baş verib. Lakin hələlik bu iddiaları təsdiqləyən sənəd yoxdur. Bu səbəbdən, bu hadisəni qətl adlandırmaq düzgün deyil. Hələlik hadisə ilə bağlı cinayət işi başlanmayıb. Ölümün əsl səbəbləri tibbi ekspertizanın cavablarının rəsmi şəkildə təsdiqlənməsindən sonra məlum olacaq", - deyə Rüfət Səfərov əlavə edib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az