
Türk Dünyası Transplantoloqlar Dərnəyinin beynəlxalq konfransı keçiriləcək
Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) beynəlxalq konfransı keçiriləcək. Apa-nın məlumatına görə, dünyada ilk hissəvi qara ciyər və Türkiyədə ilk böyrək köçürmə əməliyyatını həyata keçirmiş dünya şöhrətli alim, professor Mehmet Haberalın rəhbərliyi ilə keçirilən tədbirin təşkilatçıları MESOT (Orta Şərq orqan transplantasiya cəmiyyəti), TDTD (Türk dünyası transplantoloqlar dərnəyi), (WAMBES) Dünya Tibb, Tibbi araşdırma - Texnik və Etik bilimlər akademiyasıdır.
Konfransda transplantologiyanın inkişafı və aktual problemləri, böyrək, qara ciyər köçürülən xəstələrinin hazırlanması, donor seçimi məsələlərinin həlli, orta Asiyanın türk dilli dövlətləri ilə birgə elmi praktik əməkdaşlığı inkişaf etdirmək, səhiyyənin bu sahədəki, problemlərinin həlli məsələləri müzakirə olunacaq.
Konfransda Azərbaycanı 30-a yaxın mütəxəssis təmsil edəcək.
Qeyd edək ki, Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) ilk toplantısı bu il yanvarın 29-da Ankarada keçirilib. TDTD-in yaradılmasında məqsəd Türkiyə və Azərbaycanda, eləcə də Orta Asiya dövlətlərində - Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistanda transplantologiyanın inkişafı, qarşılıqlı elmi-praktik əlaqələrin genişləndirilməsi, ilk dövrdə bu sahədə böyük təcrübəyə malik olan Türkiyə alimlərinin təcrübəsindən yararlanmaq, elmi konfrans və simpoziumlar keçirmək və kadr hazırlığına kömək etməkdən ibarətdir.
Mediainfo.az