
Avropa Oyunları zamanı qonaqlara hansı xəstəxanalar tibbi xidmət göstərəcək?
Səhiyyə Nazirliyi 2015-ci ilin iyun ayının 12-dən 28-dək Bakıda təşkil olunacaq ilk Avropa Oyunları çərçivəsində ölkəmizə səfər edəcək idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə, qonaqlara tibbi xidmət göstərəcək müəssisələrin adlarını açıqlayıb.
Bununla əlaqədar keçirilən kollegiya iclasında Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva məlumat verib: "Təcili və təxirəsalınmaz tibbi yardım heyəti ilkin tibbi yardım üzrə təlimlərə cəlb olunub. Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinə ingilis dili kursları təşkil edilib. Müasir avadanlıqla təchiz olunmuş 100 ədəd təcili tibbi yardım maşını alınıb. İdmançılar və qonaqlar üçün Bakıda Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi, Mingəçevirdə isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası idmançılara və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün tam hazır vəziyyətə gətirilib. Eyni zamanda, digər şəhər klinik xəstəxanalarında və xüsusiləşdirilmiş stasionar tipli müəssisələrdə müvafiq tibbi xidmətlərin göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Su və qida məhsullarının təhlükəsizliyi ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar alınıb".
Z.Mustafayeva görülən digər işlər barədə də ətraflı məlumat verdi və bütün rayon, şəhər səhiyyə müəssisələrinin rəhbərlərinin bu tədbirlərin keçirilməsi zamanı yarana biləcək hər hansı gözlənilməz hallarda təcili, təxirəsalımaz və xüsusiləşdirilmiş tibbi xidmətlərin göstərilməsi üçün hazırlıq işlərini aparmalı olduğunu vurğulayıb.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Bakı 2015 Avropa Oyunları zamanı təcili tibbi yardım xidmətinin təşkili üçün görülmüş işlər barədə məlumat verib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Vaqif Abdullayev isə Avropa Oyunları çərçivəsində sanitariya-epidemioloji xidmətin qarşısında dayanan vəzifələrdən danışıb.
Avropa Oyunları Əməliyyat Komitəsinin Tibb və antidopinq xidməti üzrə baş tibb meneceri Rəşid Vəzirov da Avropa Oyunları zamanı göstəriləcək tibb xidməti haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev 26 aprel 2015-ci il tarixində Bakıda ilk Avropa Oyunlarının məşəlinin yandırılacağını və onun məşhur insanlar və idmançılarla birgə Azərbaycanın bütün regionlarına, şəhərlərinə aparılacağını, həmin regionlarda bayram tədbirləri və festivallar keçiriləcəyini bildirib. Nazir qeyd edib ki, regionlarda tədbirlər zamanı hər bir meydançada təcili tibbi yardım maşınları olmalı və stasionarlarda növbətçilik üzrə məsul tibb işçiləri təyin edilməlidir: "Səhiyyə Nazirliyi tərəfindən alov mərasiminin marşrutu, ümumiyyətlə, Avropa Oyunları çərçivəsində keçiriləcək bütün tədbirlər barədə hər bir şəhər və rayon səhiyyə müəssisəsinin rəhbərinə məlumat göndərilib. Ona görə də bütün səhiyyə müəssisələrinin rəhbərləri istər əhali, istərsə də ölkənin qonaqlarına ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsini öz şəxsi nəzarətinə götürməlidir".
O.Şirəliyev Avropa Oyunları zamanı ölkəmizə idmançılarla yanaşı çoxsaylı izləyicilərin, media mənsublarının və digər qonaqların da gələcəyini deyib. Nazir vurğulayıb ki, tibb müəssisələrinin hər biri gərgin iş rejimində fəaliyyət göstərməyə hazır olmalıdır.Səhiyyə naziri ev sahibi kimi Azərbaycanın bu genişmiqyaslı tədbiri layiqincə təşkil edəcəyinə, ilk Avropa oyunlarının ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacağına inandığını vurğulayıb. (modern)
Mediainfo.az