VİDEO-Kürdəmirdə hüququ tapdalanan kəndli
Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir. Bun gün ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin etməkdədir. Karbohidrogen ehtiyatlarımız əsasən Bakı - Tbilisi - Ceyhan xətti ilə Avropa istehlakçılarına çatdırılır.
Lakin təəssüf ki, yerlərdə bu inkişafa kölgə salan amillər də mövcuddur. Boru xəttinin keçdiyi ərazilərdə əhalinin pay torpaqlarının siyahıya alınması, bölgünün dəqiqləşdirilməsi və pay torpaqlarına görə ödəniləcək rüsumun məbləği məsələləri bir çox hallarda həllini tapmamışdır.
Bu günlərdə Kürdəmir sakini Şirinova Zöhrə Əli qızının bizə ünvanladığı şikayət məktubu da analoji məsələ ilə bağlıdır. Faktı araşdırmaq üçün üz tutduq həmin rayona.
Yağan yağışlar yolumuza mane olsa da, biz ümidlə Zöhrə xanımı dinləməyə tələsirdik. Kürdəmirə çatmağımıza az qalmış günəşin çıxması bizə daha da ümid verdi. Elə də oldu. Biz Zöhrə xanımla Kürdəmir rayon avtovağzalında görüşdük. Məlum oldu ki 1996-cı ildə ona verilən torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktına əsasən verilən 26 hektar pay torpaqlarından istifadə etməyə ixtiyarı yoxdur. O və qardaşı lazımı yerlərə şikayət etsələr də, aidiyyəti orqanlar onların şikayətlərini nəinki qəbul etmək, hətta eşitmək belə istəməyiblər. Biz bunu araşdırmaq uçun Kürdəmir rayon torpaq şöbəsinin müdiri Gülbala Əsədovun yanına getdik. Bizi qarşılamağından hiss olunurdu ki, gəlişimiz onun üçün gözlənilməzdir. Biz suallarımızı ona yönəltdik. Cavablardan məlum oldu ki, həqiqətən Zöhrə Şirinovanın problemi həllini tapmayıb. Faktla bağlı jurnalist araşdırmamız davam edir. Nəticə ilə sizləri yaxın günlərdə tanış edəcəyik.
Mehriban Bəylərqızı
O.M.