
MTN-in İdman və Sağlamlıq Mərkəzinin yaradılmasının 5 illiyi qeyd olunub
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İdman və Sağlamlıq Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
Apa-nın xəbərinə görə, mərasim iştirakçıları İdman və Sağlamlıq Mərkəzində idmanın əksər növləri ilə məşğul olmaq üçün yaradılmış şəraitlə, o cümlədən idman meydançalarında və məşq zallarında aparılmış yenidənqurma işləri, "Titan" idman klubunun üzvlərinin respublika və beynəlxalq yarışlarda, turnirlərdə və spartakiadalarda əldə etdikləri nailiyyətləri və qazandıqları mükafatları, cox saylı medalları və kubokları əks etdirən eksponatlarla tanış olublar. Qonaqlara Mərkəzin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verilib.
Mərkəzin "Titan" idman klubunun idmançılarının nümunəvi çıxışlarından sonra MTN-in Heydər Əliyev adına Akademiyasındakı "Şöhrət" muzeyində təltif olunma mərasimi keçirilib.
Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda bu böyük tədbirin yüksək səviyyədə təşkili üçün yeni idman arenalarının və komplekslərinin açıldığını, mövcud idman obyektlərinin əsaslı təmir edildiyini və infrastrukturun daha da genişləndirildiyini bildirib.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, paytaxtla yanaşı, bölgələrdə də Olimpiya mərkəzləri, ayrı-ayrı idman növləri ilə məşğul olmaq üçün bina tikilir.
Sonra xidməti fəaliyyətdə və idmanın inkişafında əldə etdikləri yüksək nailiyyətlərə görə Mərkəzin bir qrup əməkdaşının "Qüsursuz xidmətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları, "Fəxri bədən tərbiyəsi və idman işçisi", "Əməkdar idman ustası", "Əməkdar məşqçi" və "İdman ustası" fəxri adları və idman dərəcəsi ilə təltif edilmələri barədə Eldar Mahmudovun və Azad Rəhimovun əmrləri elan olunub.
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov "Beynəlxalq Universal Döyüş Federasiyasının Fəxri Mükafatı"nı Eldar Mahmudovvə Azad Rəhimova təqdim edib.
Sonda Mərkəzin fəaliyyətinə həsr edilmiş "Yeni qələbələrə doğru" sənədli filmi göstərilib.
Mediainfo.az