İki müəllimi öldürən sürücünün məhkəməsi başladı

İki müəllimi öldürən sürücünün məhkəməsi başladı

15 Aprel 2015 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 qadının ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Cəmil Yaqubovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 20-ə təyin edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi keçən il noyabrda Hövsan qəsəbəsində baş verib. "Mercedes" markalı minik maşını yolu keçən Gülnarə Canıyeva və Məlahət Rəhimovanı vurub. Nəticədə G. Canıyeva aldığı xəsarətdən hadisə yerində, M. Rəhimova isə xəstəxanada dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü Cəmil Yaqubov saxlanılıb. O, hadisə vaxtı sərxoş halda avtomobil idarə etməsi ortaya çıxıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Onu da qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən Gülnarə Canıyeva və Məlahət Rəhimova orta məktəb müəlliməsidir.

Mediainfo.az