Tanınmış teleaparıcı: “Bu gün bizim ANS-də ilk iş günümüzdür”

Tanınmış teleaparıcı: “Bu gün bizim ANS-də ilk iş günümüzdür”

15 Aprel 2015 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Xoşqədəm Hidayətqızı: "Veriliş ATV-də olduğu kimi bazar günləri efirə çıxacaq, amma həftə içi də mənim yeni bir layihədə olacağım nəzərdə tutulur"

ATV-də 5 ildir yayınlanan "Səni axtarıram" layihəsinin müəllifi, aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı aprelin 15-dən Azərbaycanın ilk müstəqil telekanalı olan ANS-də işə başlayıb. Bu barədə musavat.com-a Xoşqədəm Hidayətqızı məlumat verib. O deyib ki, ANS-də yüksək səviyyədə iş şəraiti var: "Bu gün bizim ilk iş günümüzdür. Çox maraqlıdır. Siz bilirsiniz ki, mən dünya mediası ilə əlaqələri olan bir insanam. Mən ANS-də elə ilk gündəcə BBC-nin təcrübəsini gördüm. Burdakı iş prinsipi, burdakı işçiyə yanaşma, qaydalar tam mənim istədiyim kimidir. Ona görə də yerdəyişmə bizə çətinlik yaratmadı. Çünki mənim iş prinsipimin ANS-dəki iş prinsipi ilə üst-üstə düşdüyünü gördüm. Necə ki, dünyanın irəlidə gedən media holdinqlərində, telekanallarında iş prinsipi, işgüzar mühit var, ANS-də də o şəkildədir. Bir sözlə, bizə burada çox rahatdır".

X.Hidayətqızı aprelin 14-də ANS-in rəhbərliyi ilə də görüşdüklərindən danışdı: "Çox səmimi, xoş görüş oldu. Hörmətli Vahid müəllim bizə hədiyyələr verdi. İlkin təəssüratımız çox yaxşı oldu. Biz özümüz üçün bu qərara gəldik ki, ATV-də nə qədər çox işləyirdiksə, ANS-də bundan bir neçə dəfə çox işləməliyik. Çünki burada bir döyüş ruhu, daima birinci olmaq iddiası, əzmi var, daima ən yaxşı iş ortaya qoymaq istəyi var".

İlk verilişin efirə nə vaxt çıxacağı barədə suala cavabında teleaparıcı məlumat verdi ki, dekorasiyanın hazırlanması prosesi ilə bağlı son işlər gedir, bir neçə günə bitəcək: "Veriliş ATV-də olduğu kimi bazar günləri efirə çıxacaq. Amma həftə içi də mənim yeni bir layihədə olacağım nəzərdə tutulur. Bununla bağlı da işlər gedir. Yəqin ki, bununla bağlı ANS açıqlama verəcək. Hər bazar günü eyni vaxtda əziz tamaşaçılarımız "Səni axtarıram"ı ANS-də izləyəcəklər. Sadəcə məkanı dəyişmişik və ilk müstəqil telekanalımız olan ANS-də verilişimizi izləyəcəksiniz".

Verilişin adı və formatının eynilə qalıb-qalmayacağına gəlincə, X.Hidayətqızı vurğuladı ki, formatda müəyyən dəyişikliklər olacaq: "Əslində mən keçən ilin avqustundan formatda müəyyən dəyişikliklər etmək istəyirdim. Hətta bununla bağlı Vüqar Qaradağlıya və Rauf Dadaşova təklif də etmişdim. Yanvar ayından dəyişiklik ediləcəyini desələr də vaxt gəlib çatanda vədlərini yerinə yetirmədilər. Allah nəsib etdi, bu ideyalarımı ANS-də gerçəkləşdirmək imkanı qazandım. Buna görə də ANS rəhbərliyinə təşəkkür edirəm. Adın necə olmasının isə o qədər də böyük önəmi məncə yoxdur. Yəqin ki, siz də şahidsiniz ki, Azərbaycan ictimaiyyəti o verilişi "Səni axtarıram"dan çox, "Xoşqədəmin verilişi" deyə çağırırdılar. Odur ki, adın ciddi önəmi yoxdur. Adı brendə çevirən iş qabiliyyəti, beyin burdadırsa, fərq etməz, nə olur-olsun".

X.Hidayətqızı son günlər yaşanan proseslərdə minlərlə tamaşaçı zəngi aldığını da qeyd etdi. Ona tamaşaçılardan və mediadakı dostlarından, ədalətli insanlardan böyük dəstək gəldiyini vurğuladı və buna görə hər kəsə saytımız vasitəsilə təşəkkür etdi.

Mediainfo.az