Yanan binanın iki ailəsində toy olacaq imiş - FOTO

Yanan binanın iki ailəsində toy olacaq imiş - FOTO

11 Aprel 2015 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda baş verən bu yanğın fərqli idi. Bir neçə dəqiqə içində bütün bina alova qərq oldu, geridə isə qara hisə bulaşmış qırıq pəncərəli 9 mərtəbəli tikili qaldı...

Yanan binanın həndəvərinə yetişəndə bir vurhavur vardı, gəl görəsən. Əşyalarını binadan çıxaran kim, qonşularını bir yerə toplaşıb başlarına çarə qılmağa səsləyən kim...

Bir qrup sakin isə sakitcə kənarda toplaşıb uzun illər yaşadıqları və bir andaca yanaraq simasını itirən binalarına baxırdı. Onlara yaxınlaşanda məlum oldu ki, bu gün binada yaşayan ailələrin övladlarının toy mərasimi olacaq. Qız evi 8-ci, oğlan evi isə 2-ci mərtəbədə yaşayır və dünən axşam onların ikisinin də evi yanıb. Amma bu gün toy eləməyə məcburdurlar. Ali Hərbi məktəbi bu il bitirəcək oğlanın atası Əli Məmmədov bildirir ki, dəvətnamələr paylandığından toyu təxirə sala bilməzlər: "Heç bilmirəm nə olacaq, necə olacaq. Onların da, mənim də evim yanıb. Gəlini hara aparacağıq, elə onu düşünürəm".

Ə. Məmmədov bildirdi ki, bu bina sovet vaxtı tikintidə işləyənlərə verilib və özəl yataqxana olub: "40 il işləyib bu binadan ev almışam".

Bina sakinlərindən bəziləri əşyalarını çıxarmaqla məşğul idilər. Sakinlərdən Zülfiyyə İsmayılova bildirdi ki, onun evi ən çox ziyan görənlərdəndir.

Zərərçəkmişlərin söhbətindən belə aydın olurdu ki, onlar yanğının baş vermə səbəbini dəqiq bilməsələr də, binaya vurulan üzlük materialın alışmasından şübhələnirlər. Amma yanğın baş verdiyi zaman hər hansı partlayış müşahidə olunmayıb: "Eyvanlarda çoxlu qaz balonları olub, yaxşı ki partlamayıb, yoxsa daha böyük bədbəxtçilik olacaqdı".

Dünənki yanğın vaxtı hadisə yerinə təcili tibbi yardım maşınları da gəlib. Hadisə nəticəsində təşvişə düşənlərə, tüstüdən boğulanlara ilkin tibbi yardım göstərilib, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində bəzi ailələrin sənədləri tamamilə yanıb. Sakinlərdən birinin 3 övladının ali məktəb diplomu da yanaraq kül olub. Bundan başqa, birinci mərtəbədə yerləşən geyim mağazasına da xeyli ziyan dəyib. Sahibkar bildirib ki, mağazada yanğın olmayıb: " Amma malların yarıdan çox islanıb, mağaza su ilə dolub, tavanda da xeyli qopmalar var. Hələlik nə qədər ziyanın dəydiyini hesablamamışıq".

Hadisə baş verən zaman Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov əraziyə gəlib. Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Zaməddin Əkbərov lent.az-a deyib ki, bina sakinləri ilə bağlı lazım olan bütün tədbirlər görülür. Z. Əkbərovun sözlərinə görə, gecə saatlarında müvafiq komissiya fəaliyyətə başlayıb və dəymiş ziyanın hesablanması prosesi həyata keçirilir: "Hazırda fövqəladə hallar komissiyası binada işini davam etdirir. Sübh tezdən komissiya üzvləri əraziyə gediblər. Hər bir mənzil sahibinin iştirakı ilə mənzillərə baxış keçirilir və müvafiq qeydlər götürülür. Eyni zamanda evin fotosu da çəkilir. Bundan sonra qapı bağlanır".

Birinci müavin qeyd etdi ki, yanğının baş verdiyi binada ümumilikdə 112 ailə yaşayır: "Yanğın baş verən hissədə 56 ailə yaşayır. Onların da bir çoxunun evində yanğın fasadla divar arasında baş verib. Onu deyə bilərəm ki, bir qayda olaraq zərər çəkmiş bütün evlər təmir olunaraq sahiblərinə təhvil veriləcək. Komissiya müəyyənləşdirəcək ki, hansı mənzildə yaşamaq mümkün deyil, həmin ailələrə də müvafiq köməklik göstəriləcək".

Qeyd edək ki, binanın yanğından mühafizə olunmuş hissəsinin sakinləri artıq evlərinə dönüblər. (lent)

Mediainfo.az