
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu aprelin 24-dək uzadılıb
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, BP tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu davam etdirilir. Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.
Sənədlər aprelin 24-dək qəbul olunacaq. Sənəd qəbulu yekunlaşdırıldıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və qulluğa qəbulla əlaqədar digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.
Müsabiqə ilə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə bağlı 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat almaq olar.
Mediainfo.az