BVF-nin sabiq rəhbərinə qarşı zorlama ittihamı quramadır
Polis Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq rəhbəri Dominik Stross-Kan tərəfindən zorlanma cəhdinə məruz qaldığını iddia edən Nyu-Yorkdakı "Sofitel" otelinin xadiməsinin istintaqa yalan ifadə verdiyini üzə çıxarıb. Məlum olub ki, 32 yaşlı qvineyalı xadimə bu hadisəyə qədər bir kişi ilə uzun müddət telefonla danışıb. Onlar Dominik Stross-Kana qarşı ittihamlardan hansı fayda götürməyin mümkünlüyünü müzakirə ediblər. ABŞ vətəndaşı olan həmin kişi narkotik saxladığına görə polis tərəfindən artıq həbs edilib. Polisi təəccübləndirən isə o olub ki, bu şəxs son iki ildə qvineyalı xadimənin hesabına 100 min dollara yaxın vəsait köçürüb. İşin qurama olduğunu sübut edən digər amillər də var. Cəmi bir mobil nömrədən istifadə etdiyini deyən xadimənin hər ay beş nömrəyə yüzlərlə dollar pul xərclədiyi bəlli olub. O, istintaq zamanı bu ziddiyyəti izah edə bilməyib. İstintaq zamanı xadimənin Dominik Stross-Kanla intim əlaqədə olduğu da sübuta yetirilib, lakin bunun məhz zorlama olduğunu sübut edən dəlillər tapılmayıb. Qeyd edək ki, 62 yaşlı Dominik Stross-Kan bu il mayın 14-də zorlamada şübhəli bilinərək Nyu-Yorkun Kennedi hava limanında həbs olunub. O, qaldığı "Sofitel" hotelində 32 yaşlı xidmətçi qadını zorlamaq cəhdində ittiham olunur. İlkin ittihama görə, qadın qaçaraq canını qurtara bilib və olay barədə hotel əməkdaşlarına məlumat verib. BVF rəhbəri isə hoteli tələsik tərk etməli olub. Bu səbəbdən mobil telefonunu və digər şəxsi əşyalarını öz nömrəsində unudub. Parisə uçmağa hazırlaşarkən isə hava limanında həbs olunub. Sonradan o, girov müqabilində ev dustağı edilib.
Buna deyərlər, qocalıqda yorğalıq.
Tofiq Əliyev
O.M.