
"Adam içində" verilişində qorxunc anlar yaşandı!
Bu gün də ANS telekanalında yayımlanan "Adam içində" verilişi maraqlı hadisələrlə yadda qaldı. Daima bu verilişə pənah gətirənlərə yardımçı olan, imkan daxilində kömək umanlara əl yetirən verilişin yaradıcı heyəti bu gün daha bir ailə üçün yardım aksiyası keçirtdi. Belə ki, aparıcı Elgiz Əkbər atılmış uşaqlar evində böyümüş, həyat yoldaşı ilə birgə alın təri ilə üçotaqlı mənzil tikdirmiş, gözlənilməz anda evi yanmış, 4 uşağı ilə küçədə qalan Nigara dayaq durmağı təklif etdi. Qısa bir zaman ərzində xeyirxah Azərbaycan xalqından Nigara xeyli yardım – həm ev əşyaları, həm də yanaraq külə dönmüş mənzilin yenidən bərpası üçün pul yığıldı. Hətta verilişin qonaqlarından biri olan, müğənni Səyyad Əlizadə Nigargil üçün soyuducu alacağına söz də verdi. Daimi tamaşaçılardan biri isə pensiyasından 100 manat verəcəyini vəd etdi.
Verilişdə maraqlı anlardan biri isə ilanlarla yaşayan Rəna xanımın həyatı ilə yaxından tanışlıq oldu. Məlum oldu ki, rəqqasə xanım evində üç ilan bəsləyir. O, heyvanları, xüsusilə də ilanları çox sevdiyini vurğuladı.
Bərdə rayonundan gələn, dəhşətli bir hadisənin şahidi olan xanım studiyada başına gələnləri danışdı. O, köhnə məktəbə kütləvi şəkildə toplaşan ilanlardan bəhs etdi. Ətrafda yaşayan sakinlərin bu ilanların artımından son dərəcə narahatçılıq keçirdiklərini bildirdi. Ağdam rayonundan köçkün kimi gələrək burada məskunlaşan sakin evlərinə doluşan ilanlardan canlarını qurtarmağın yolları ilə bağlı suallar ünvanladı. İlanlarla bağlı mövzuda mütəxəssis rəyi də öyrənildi. Biologiya elmləri namizədi Təvəkkül İsgəndərov "7 qardaş" ilanlardan tutmuş Azərbaycanda yaşayan zəhərli və zəhərsiz, ümumiyyətlə, ilanlarla bağlı ətraflı məlumat verdi. O, Bərdədəki vəziyyətə uyğun məsləhətlərini də əsirgəmədi.
Daha bir mövzu isə Alla adlı bir xanımın həyatı ilə bağlı oldu. Xanım qızının adına aldığı evdən elə qızı tərəfindən qovulduğunu vurğulasa da, verilişə zəng gəldi. Alla xanımın qohumlarından biri onun dediklərini təkzib etdi və mənzilin Alla xanımın deyil, ərinin aldığını açıqladı. Daha doğrusu, Alla xanımın yalanının üstü açıldı. Mövzuya sabah daha geniş açıqlama gətiriləcək.
Odur ki, həftə içi hər gün, saat 16:30-da ANS-də yayımlanan "Adam içində" verilişini izləməyi unutmayın!
Hazırladı: Könül Aypara