2015-ci ilə kimi Azərbaycanda 6 metro stansiyası tikiləcək

2015-ci ilə kimi Azərbaycanda 6 metro stansiyası tikiləcək

30 İyun 2011 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

"2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikilməlidir". Bunu "Dərnəgül" metro stansiyasının açılışında prezident İlham Əliyev bildirib. "Qısa müddət ərzində əlavə 6 stansiyanın tikilməsi əlbəttə ki, böyük peşəkarlıq, maliyyə resursları tələb edir. Hesab edirəm ki, yeni alınmış avadanlıqdan istifadə olunması nəticəsində biz bu proqramı icra edəcəyik. 2015-ci ildən sonra proqramımızın ikinci mərhələsi, yeni stansiyaların tikintisi başlanacaq", deyə dövlət başçısı qeyd edib.

Prezident bu proqramı daha da real, konkret və qısamüddətli olması üçün hissələrə böldüklərini qeyd edib. Dövlət başçısı bu proqramın 2030-cu ilə qədər icra edilməli və şəhərimizin hər bir yerində gözəl metro stansiyası tikilməli olduğunu vurğulayıb. Onun sözlərində görə, metro ən rahat və ən ucuz nəqliyyat növüdür: "Metro tikintisi çox çətin məsələdir, çox böyük texniki imkanlar, peşəkarlıq və maliyyə resursları tələb edir. Yəqin, Bakı sakinləri onu da yaxşı bilirlər ki, metro tikintisi elə sahədir ki, oraya qoyulan vəsait, demək olar, geri qayıtmır. Birincisi, ona görə ki, metro tarifləri, yəni gediş haqları çox aşağıdır. Dünyada ən ucuz tariflər bizdədir. Digər tərəfdən, ona görə ki, metro tikintisi, demək olar, həmişə daha çox sosial xarakter daşıyır. Ona görə ki, buraya qoyulan vəsait və növbəti illərdə yeni stansiyaların tikilməsinə qoyulacaq vəsait insanların rahatlığı üçündür".

İ.Əliyev 2013-cü ildə - bir ildə iki stansiya istismara veriləcəyini və ondan sonra hər il yeni stansiyaların tikintisinə nail olacağını bildirib. "Dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulub. Peşəkarlıq vardır. Mən çox şadam ki, metro tikintisini Azərbaycan inşaatçıları aparırlar. Bu da yaxşı göstəricidir. Bu, çox çətin məsələdir. Metro tikmək, - burada metro inşaatçıları bunu təsdiq edə bilərlər, - bəlkə də ən çətin məsələdir".

Günel Həbib

O.M.