Azərbaycanda sahibsiz heyvanlara münasibət nə yerdədir? - ARAŞDIRMA

Azərbaycanda sahibsiz heyvanlara münasibət nə yerdədir? - ARAŞDIRMA

16 Mart 2015 18:03
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər xarici mətbuatda Azərbaycan əleyhinə qara pr kampaniyasına start verilib. Xüsusən sosial şəbəkələrdə Azərbaycanda küçə heyvanlarının öldürülməsi və ölkəmizdə heyvanlara qarşı "soyqırım" yaşandığı haqda əsassız məlumatlar paylaşılır.

AZXEBER.COM hadisəylə bağlı kiçik araşdırma aparıb.

İlk olaraq qeyd edək ki, Azərbaycan 1997-ci ildə Strasburqda "Heyvanların Mühafizəsi" ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə "Heyvanların mühafizəsi haqqında" qanun qəbul olunub. Bundan əlavə, 2011-ci ildə Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" təsdiq edilib.

Həmçinin qeyd edək ki, oktyabr ayında ölkəmizdə IDEA-nın təşəbbüsü ilə Qaradağ rayonunda sahibsiz heyvanlar üçün sığınacağın təməli qoyulub

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Leyla Əliyeva sığınacağın layihəsi ilə tanış olub. Məlumat verilib ki, sığınacaqda sahibsiz heyvanların, xüsusilə it və pişiklərin müvəqqəti və ya daimi məskunlaşması üçün şəraitin yaradılması, burada xüsusi baytarlıq klinikasının fəaliyyət göstərməsi, heyvanların müayinə və müalicəsi, lazım gəldikdə onların üzərində cərrahiyə əməliyyatının aparılması üçün zəruri avadanlığın quraşdırılması nəzərdə tutulub.

Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi(AARC) nə məqsədlə yaradılıb?
5 il öncə Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində, Abşeron rayonu ərazisində fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi(AARC) faəliyyətə başlayıb

Heyvansevərlərlə birlikdə müxtəlif tədbirlərin həyata keçirilməsi, bağça və məktəblərdə maarifləndirmə sessiyalarının təşkili, gənc baytarların təcrübə artırmaq məqsədilə təlimlərin keçirilməsi bu mərkəzin gördüyü işlərin yalnız bir hissəsidir. Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatı da mərkəzə dəstək verərək, müxtəlif tədbirlər keçirib.
Mərkəzdə xeyli sayda sahibsiz heyvan isti yuva ilə təmin olunub. Buna baxmayaraq küçələrdə hələ də sahibsiz heyvanlar qalmaqdadır. Həmin sahibsiz heyvanların bu mərkəzdə yerləşdirilməsi üçün burada saxlanan heyvanların himayə götürülməsinə ehtiyac var. Odur ki, mərkəz öz qapılarını hər kəsin üçünə açıq elan edib. İstənilən şəxs mərkəzə müraciət etməklə buradan istədiyi heyvanı himayəyə götürə bilər.

Mərkəzin direktor köməkçisi Vüsalə Ali bildirib ki, sahibsiz küçə heyvanlarına qayığını artırmaq üçün bu prosesdə bütün vətəndaşlar iştirak etməlidir: "Əvvəllər biz özümüz küçələrdən heyvanları yığaraq bura gətirirdik. Onlar müalicə olunurdu, burada saxlanırdı ki, insanları onu himayəyə götürsünlər. Çünki bir heyvanı himayəyə götürmək, iki heyvanın xilası deməkdir. Biri özü üçün ailə tapacaq, o birini isə küçədən gətirib qayğısına qalacağıq. Ona görə də çalışırıq ki, insanlar heyvanları himayəyə götürsünlər ki, yerlərimiz azalsın. Biz indi küçədən heyvanları yığıb gətirə bilmirik. Çünki yer yoxdur. Ancaq insanlar da kömək edərsə, biz daha çox heyvanın həyatını xilas etmiş olarıq".

Statistika həvəskarları üçün xatırlatma

2014-cü ildə 250 min itdə quduzluq əleyhinə peyvəndləmə aparılıb. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəhşi təbiətdə quduzluq xəstəliyi ilə mübarizə məqsədi ilə əlli min doza oral üsulla peyvənd aparılması üçün vaksin alıb, ölkə üzrə 2014-cü ildə qeydiyyata düşmüş 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidməti məlumat yayıb.

Bakı şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən sahibsiz itlər küçələrdə tutularaq şəhərin ətrafında xüsusi ayrılmış yerlərə aparılır. Bununla bərabər, itlərin saxlanması məqsədi ilə Bakı şəhəri ərazisində müasir tələblərə cavab verən özəl sığınacaq yaradılıb. Heyvanların mühafizəsi ilə bağlı bir sıra normativ hüquqi sənədlər hazırlanıb.

"Eyni zamanda bildiririk ki, heyvanların, o cümlədən sahibsiz itlərin xəstəliklərinə qarşı profilaktik tədbirlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ciddi nəzarəti altındadır. Tədbirlər Beynəlxalq Epizootik Büronun standartlarına uyğun həyata keçirilir, biomüxtəliflik və kənd təsərrüfatı mühiti əsaslı və davamlı şəkildə mühafizə olunur.

Sahibsiz heyvanların mühafizəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir və gələcəkdə də bu işlərin davam etdirilməsi nazirliyin nəzarətindədir", deyə məlumatda qeyd edilir.

Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin cavabı

Qeyd edək ki, xarici mətbuatda və sosial şəbəkələrdə Azərbaycan əleyhinə aparılan kampaniyaya cavab olaraq həmyerlilərimiz "facebook" sosial şəbəkəsində "event" yaradıblar.

Event-də qeyd olunur ki, kampaniyanın məqsədi Azərbaycan dövlətinin, cəmiyyətinin sahibsiz heyvanlara, bütövlükdə ətraf mühitə olan münasibətini təbliğ etmək və heyvanlarla bağlı sosial-ictimai təsisatlar haqqında məlumat verməkdir. Bununla yanaşı kampaniyanın digər hədəfi Ölkəmizdə sahibsiz heyvanların qorunması sahəsində aparılan işlər haqqında cəmiyyəti məlumatlandırmaqdır.

Bu mənada HƏR KƏSİ kampaniyasında fəal iştirak etməyə dəvət edirik!
Hacıbəy Heydərli

Fotolar: Hüseyn Mehdiyev

Mediainfo.az