Vakant müəllim yerlərinin sayı açıqlandı

Vakant müəllim yerlərinin sayı açıqlandı

30 İyun 2011 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2011-2012-ci tədris ili üçün orta məktəblərdə pedaqoji kadrlara olan tələbatı müəyyənləşdirib. İdarənin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev bildirib ki, hazırda Bakının orta məktəblərində 376 vakant müəllim yeri var. Onların 321-i Azərbaycan, 55-i rus bölməsi üzrədir.

Bəhmən Nəbiyevin sözlərinə görə, vakant yerlərin yaranmasında Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" qərarı əsasında orta məktəblərdə müəllimlərin həftəlik iş yükünün 24 saat müəyyənləşdirilməsi də rol oynayıb. Vakant yerlər daha çox Bakının Xəzər, Sabunçu və Qaradağ rayonlarındakı orta məktəblərdədir. Rus dili fənni istisna olmaqla, paytaxt məktəblərində demək olar ki, bütün fənlər üzrə müəllimlərə ehtiyac yaranıb. Bakıda daha çox fiziki tərbiyə (89 yer), ingilis dili (68 yer), informatika (29 yer), gənclərin çağırışa qədərki hazırlığı (28 yer), riyaziyyat (26 yer), ibtidai sinif müəllimi (23 yer) fənləri üzrə müəllimlərə ehtiyac duyulur. Vakant yerlərin siyahısı artıq BŞTİ tərəfindən Təhsil Nazirliyinə təqdim edilib. TN yaxın günlərdə vakant yerlərin siyahısını www.edu.gov.az saytında və "Azərbaycan müəllimi" qəzetində açıqlayacaq.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli olacaq. Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndiriləcək. Daha sonra namizədlər test imtahanı verəcəklər. Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılacaq.

İmtahanda test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunacaqlar. Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakant yerlərə işə qəbul üçün namizədlər ümumi testlərin azı 60 faizinə cavab verməklə keçid balını toplamalıdırlar.

Cəmiyyətimizdə ən hörmətli insanlara müəllim deyirlər. Amma təəssüf ki, bəzi adamlar bu ada layiq deyillər.

Günel Həbib

O.M.