
Əcnəbilərə qarşı quldurluq edən şəxslərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əcnəbilərə qarşı quldurluq etməkdə təqsirli bilinən İlqar Həsənov, Təhməz Əliyev və Nihad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, İ.Həsənov 11 il, T.Əliyev 10 il, N.Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Koreya vətəndaşlarının Xəzər rayon Polis İdarəsinə etdikləri şikayət əsasında əməliyyata başlanıb. Məlum olub ki, əcnəbilərə qarşı quldurluq edənlər Buzovna qəsəbəsi sakinləridir.
Dəstə üzvləri olan Təhməz Əliyev, onun yaxın qohumu Nihad Əliyev və İlqar Həsənov hadisə günü həmin xarici qonaqları qəsəbə ərazisindən götürərək şəhərə aparacaqlarını deyiblər. Koreyalıları paytaxtın Nəsimi rayonuna gətirəcəklərinə vəd verən tanışları sonda onları qarət etmək qərarına gəliblər. Dəstə üzvləri Buzovnada onlara bıçaq çəkiblər, 4 ədəd telefon və 1500 dollar aparıblar.
Mediainfo.az