Ölümə qalib gələn, yaşayan SEVGİ...

Ölümə qalib gələn, yaşayan SEVGİ...

30 İyun 2011 13:54
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün "Sevgililər günü"dür

SEVGİ... Düz 21 il bundan öncə onun nə olduğuna hamımız şahid olduq. İllər öncə dünyanın tanınmayan bir bölgəsində bütün silahlar sevginin qarşısında susdu, düşmənlər diz çökdü. İnsana aid olan ən ali duyğu İlham və Fərizənin timsalında bizlərə nümayiş olundu. Vətənə olan böyük sevgisi ilə yola çıxan İlhamdan geriyə yalnız ürəyindəki sevgi qaldı. O sevgini də sahibinə yetirmək üçün Fərizə heç düşünmədi. Və beləcə, cütlüyün sevgisi göylərdə qovuşdu. Bu, bir sevgi romanının sonu yox, başlanğıcı oldu. Hansı ki, bu hekayə bu gün də davam edir. Və davamını gələcək illərdə mən və mənim kimi bir çox jurnalist böyük qürurla qələmə alacaq. Bu gün milli "Sevgililər günü"müzdür. Bu gün sevginin dərk edilməyəcək qədər sadə, yaşanmayacaq qədər gözəl, doyulmayacaq qədər doyulmaz olduğu gündür. Bu gün İlham və Fərizənin günüdür! Bu gün bütün sevib-sevilənlərin, sevginin dadına baxanların, ürəyi sevgi ilə döyünənlərin günüdür! Odur ki, hər birinizi təbrik edirik. Çünki inanırıq ki, hər birinizin ürəyində sevgi var-istər valideynə, istər vətənə, istər sevgiliyə, istərsə də şüursuz bir heyvana...

Ağıl min gözlə baxırsa, SEVGİ bir gözlə baxır!

Günel Həbib

O.M.