
“Tiryəki ağrılarımı azaltmaq üçün çəkirdim”
Şirvan Apellyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan İlham Əsədullayev və Sədi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, İlham Əsədullayev tanışı Sədi Hüseynovla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq razılığına gəlib. Onlar 22 noyabr 2012-ci ildə İrana keçib, Astara şəhərində şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı bir nəfərdən satış məqsədi ilə 210 manat dəyərində 149,421 qram tiryək, 0,96 qram həşiş qatranı əldə ediblər.
Sonra Astara şəhərində tualetə girərək həmin narkotik vasitələri iki büküm polietilen torbalara büküb, duz bağırsaqlara yerləşdiriblər. Onlar noyabrın 23-də Astara Dövlət Gömrük Sərhədində gömrük nəzarətindən gizli yolla Azərbaycan ərazisinə keçiblər.
İlham Əsədullayev və Sədi Hüseynov Astara rayon sakini Eldəniz Məmmədovun "VAZ 2106" markalı taksi maşını ilə Masallı şəhərinə gəliblər. Həmin gün saat 20:00 - da Ələt-Astara şose yolunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
İlham Əsədullayev və Sədi Hüseynov Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Orada imalə yolu ilə narkotik vasitə təqsirləndirilən şəxslərin daxili orqanlarından çıxarılıb.
Noyabrın 26-da hər iki şəxs Masallı Rayon Polis Şöbəsindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına aparılıb. Həmin gün saat 19:55-də İlham Əsədullayevin üzərində axtarış aparılarkən düz bağırsağında 0,96 qram narkotik vasitə hesab edilən həşiş qatranı tapılıb. Təbii yolla ifraz edilən narkotik onun düz bağırsağından götürülüb.
Bu əməlləri ilə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il, Sədi Hüseynov isə 7 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçən apelyasiya prosesində İlham Əsədullayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü qərəzli sayıb. Qarabağ döyüşlərində ağır xəsarətlər alaraq əlil olduğunu qeyd edən təqsirləndirilən şəxs bildirib ki, möhkəm ağrıları olduğu üçün imkan düşdükdə ağrıkəsici kimi tiryəkdən istifadə edib: "İran İslam Respublikasında Həsən adlı şəxsdən aldığım tiryəki və 1 qramdan az olan həşiş qatranını satış məqsədi olmadan öz istifadəm üçün gətirmişəm. Həmin narkotiki İrandan gətirərkən Sədi Hüseynovla heç bir işbirliyim olmayıb. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü ədalətsiz hesab edirəm. Hökmün mənə aid hissədə dəyişdirilməsini istəyirəm. Həmçinin barəmdə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmaqla təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edirəm".
İlham Əsədullayevin vəkili Süleyman Qasımov bildirib ki, İlham Əsədullayevin Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi qanunsuz və əsassızdır: "İstintaq zamanı İlham Əsədullayevin İrandan digər məhkum edilmiş Sədi Hüseynovla qabaqcadan əlbir olaraq narkotik gətirmələrinə dair etiraf ifadəsi, iş materiallarından da göründüyü kimi, yalnız müstəntiq tərəfindən imzalanıb. Həmin qeyri-prosessual yolla alınmış ifadə sübut kimi istifadə oluna bilməz.
Bundan başqa, İlham Əsədullayev narkotik vasitələri yalnız öz şəxsi istifadəsi üçün gətirdiyini, əlilliyi ilə əlaqədar bədənində olan ağrılara görə tiryəkdən ağrıkəsici kimi istifadə etdiyini, narkotiki tez-tez almaq təhlükəli olduğu üçün İrandan birdəfəlik istifadə miqdarından artıq çəkidə tiryək aldığını, heç vaxt narkotik satışı ilə məşğul olmadığını göstərib.
Məhkumun həm istintaq zamanı, həm də məhkəmədə göstərdiyi həmin xüsusatın əksi, yəni narkotik vasitəni satış niyyəti ilə gətirməsi isə ittiham tərəfindən sübuta yetirilməyib. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü İlham Əsədullayevə aid hissədə dəyişdirilməlidir. Onun əməli Cinayət Məcəlləsinin 206.2. və 234.1-ci maddələri ilə tövsif olunaraq həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir".
Prosesdə çıxış edən prokuror Ədalət Əzimov bildirib ki, müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Prokuror qeyd edib ki, İlham Əsədullayevə nəzərdə tutulmuş cəza təyin edilərkən şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzalarının ailəsinə təsiri kifayət qədər nəzərə alınıb. Prokuror birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını qeyd edib.
Daha sonra hakimlər təqsirləndirilən şəxslərin şikayətlərinin təmin olunmaması barədə qərar açıqlayıblar.
İnarə Rafiqqızı