
Quldurlar müttəhimlər kürsüsündə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən dəstə üzvləri - Şamxal Məmmədov, Zaur Hüseynov, Sadiq Abbasov, Mirəli Gəraylı, Əli Cabbarov, Saməddin Həsənəlinin cinayət işi üzrə məhkəməyə start verilib. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 4-ə təyin edilib.
Qeyd edək ki, keçən il Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini Aynurə Bayramovanın 225 manatını və qızıl əşyalarını quldurluq yolu ilə almış Bakı şəhər sakini Əli Həsənli tutulub.
Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, Zaur Hüseynov, Şamxal Məmmədov, Mirəli Gəraylı, Sadiq Abbasov, Əli Cabbarov və Ceyhun Rəsulovla birgə Suraxanı rayonu ərazisindəki "Lukoil" YDM-də oranın işçiləri Elvin Kərimovu və Röyal İsmayılovu tapançaya oxşar əşya ilə hədələyib, küt alətlə xəsarət yetirərək oradakı seyfdən 5000 manat, habelə təhlükəsizlik kamerasının monitorunu aparması da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Z.Hüseynov, Ş.Məmmədov, M.Gəraylı, S.Abbasov, Ə.Cabbarov və C.Rəsulov tutulublar.
Mediainfo.az