
“İŞİD ABŞ-ın və digər Qərb ölkələrinin törəməsidir”
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov növbəti dəfə ABŞ və onun müttəfiqi olan Qərb ölkələrinə qarşı sərt ittihamla çıxış edib. O, həmin dövlətləri İslam dəyərlərinə qarşı xəlvəti müharibəyə başlamaqda ittiham edir və İŞİD-i Qərbin törəməsi adlandırır. İnterfax-ın məlumatına görə, Çeçenistan rəhbəri bu barədə sosial şəbəkədəki statuslarının birində yazıb. "Sufilik – insan üçün təhlükəsizlik və dövlət üçün stabillik" adlı beynəlxalq İslam konfransının materiallarını təhlil edən Ramzan Kadırov İŞİD-in hərəkətlərini də kəskin tənqid edib. Onun sözlərinə görə, "Vahhabilər" şeytanın yolu ilə gedirlər: "Onlar İslam dinindən yalnız özlərinə lazım olan müddəaları götürürlər. İslam isə Allahın kəlamıdır və onu təriqətlərə bölmək olmaz. Çıxışlar onu deməyə əsas verir ki, İŞİD-in məqsədi İslamı daxildən məhv etmək və dünyanı dinimizdən üz döndərməyə vadar etməkdir", deyə qeyd edən Çeçenistan rəhbəri daha sonra fikrinə aydınlıq gətirməyə çalışıb: "Onların qəddarlığı, kütləvi güllələnmələr, baş kəsmələr, insanların diri-diri yandırılması əməlisaleh xəlifələrin və peyğəmbərin nəvəsinin öldürülməsi siyasətinin birbaşa davamıdır. İŞİD ABŞ və onun müttəfiqlərinin törəməsidir. Onlar İslama açıq-aydın müharibə elan ediblər".
Mediainfo.az