Ölkəmizdə bağırsaq infeksiyasına yoluxanların sayı artıb

Ölkəmizdə bağırsaq infeksiyasına yoluxanların sayı artıb

28 İyun 2011 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloji şöbəsinin müdiri Emin Babayevin "APA"ya verdiyi məlumata görə, ölkədə bağırsaq infeksiyasına yoluxanların sayı artıb. Onun sözlərinə görə, hər ay mütəmadi olaraq mərkəzə ölkənin bütün şəhər və rayonlarından hesabatlar daxil olur: "Son hesabata əsasən ölkədə bağırsaq infeksiyası ilə xəstələnənlərin sayında cüzi artımın olduğu aşkarlanıb. Amma buna xəstəliyin kəskin artması və ya alovlanması demək olmaz. Artım yay fəsli ilə əlaqədar ola bilər".

E. Babayev artımla bağlı bölgələrdəki bütün şöbələrə məktublar göndərildiyini qeyd edib: "Bununla bağlı məktub hazırlayıb, bütün şəhər və rayonlara göndərmişik. Məktubda bildirilir ki, bağırsaq infeksiyasının artım səbəbləri ilə bağlı yerlərdə analizlər aparılsın və nəticələr haqqında bizə məlumat verilsin". Şöbə müdiri ölkədə qeydə alınan bağırsaq infeksiyası xəstəliklərinin Avropada yayılan kəskin bağırsaq infeksiyası ilə heç bir əlaqəsinin olmadığını bildirib. Onun sözlərinə görə, ölkədə hər hansı bir meyvə-tərəvəzdən kütləvi bağırsaq infeksiyasına yoluxma halı aşkarlanmayıb və bu, yay fəsli ilə əlaqədar baş verən adi hallardan biridir. E. Babayev onu da deyib ki, kəskin bağırsaq infeksiyasının yayıldığı Avropa ölkələrindən Azərbaycana gələnlər arasında da hələlik bu cür xəstəlik aşkarlanmayıb.

Bütün bunlara baxmayaraq, hər zaman sağlamlığınızın qədrini bilin.

Tofiq Əliyev

O.M.