Məleykə Abbaszadə: "Sınaq imtahanlarının 4-ü də yeni olacaq, yəni təkrar sınaq imtahanları keçirilməyəcək"

Məleykə Abbaszadə: "Sınaq imtahanlarının 4-ü də yeni olacaq, yəni təkrar sınaq imtahanları keçirilməyəcək"

29 Yanvar 2015 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il ali məktəblərin bakalavriat səviyyəsi üçün 4 sınaq imtahanı keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, sınaq imtahanları bu il aprelin 5-də, 12-də və 19-da və mayın 3-də təşkil olunacaq. Onun sözlərinə görə, keçiriləcək sınaq imtahanlarının 4-ü də yeni olacaq, yəni təkrar sınaq imtahanları keçirilməyəcək: "Təkrar imtahanlar onu göstərir ki, onlara yazılanların sayı elə də çox olmur. Bundan başqa, uşaqlar təkrar imtahana çox zaman ona görə yazılırlar ki, valideynlərə öz bilik səviyyəsi haqqında yanlış məlumat versinlər. Amma ola bilsin ki, tələbat olsa hansısa regionlarda elan olunan günlərdən başqa təkrar imtahanlar keçirək. Hələ ki bu il Azərbaycanda 4 yeni sınaq imtahanı keçirməyi nəzərdə tuturuq".

M.Abbaszadə qeyd edib ki, bu il bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Onun sözlərinə görə, bu qaydalar cari ilin məzunlarına şamil olunacaq: "Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən əvvəlki illərin məzunları isə buraxılış imtahanı səviyyəsində olan eksternat imtahanda iştirak edəcək. Əvvəlki illərin attestat qiymətlərini nəzərə ala bilməyəcəyik. Onların səviyyəsi bu ilki məzunların səviyyəsi ilə eyni olmalıdır".

Mediainfo.az