Astarada narkotacir saxlanılıb -FOTO

Astarada narkotacir saxlanılıb -FOTO

28 Yanvar 2015 17:36
Bəyəndim (0) Bəyənmədim (0)

Astara rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Apa-nın cənub bürosuna Astara Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Gündüz Abdulov məlumat verib.

Onun sözlərinə görə, ötən gün Astara RPŞ-yə rayon ərazisində narkotik vasitələrin satılması barədə əməliyyat məlumatı daxil olub. Bununla bağlı keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhər sakini, 28 yaşlı Emin Dadaş oğlu Axundov iş başındaca yaxalanıb. Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı ondan şəxsi istehlak miqdarından çox, dörd bükümdə 71,575 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı Emin Axundov narkotik aludəçisi olduğunu və narkotik vasitəni özünün istifadəsi üçün aldığını bildirib. Lakin şöbə əməkdaşları onun bu ifadəsini özünümüdafiə kimi dəyərləndirərək, Eminin üzərindən götürülən narkotikin şəxsi istehlak miqdarından çox olduğunu bildiriblər.

Emin Axundov narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını bildirib. Bu yola düşməsini isə işsiz olması ilə izah edib. Müstəntiq saxlanılan şəxsin üzərindən götürülən narkotik vasitənin qara bazarda qiymətinin 1500 manat civarında olduğunu bildirib.

Qeyd edək ki, gənc olmasına baxmayaraq, bu, Emin Axundovun artıq ikinci məhkumluq həyatı olacaq. Bundan əvvəl isə o, oğurluq etməkdə təqsirləndirilərək, 3 il müddətinə azadlıqdan məhrum olunub. Narkotik vasitənin satışında təqsirli bilinən Eminin günahı sübuta yetirilərsə, onu 3 ildən 8 ilə kimi məhkumluq həyatı gözləyir.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az