1992-ci il vertolyot hadisəsindən 23 il ötür...

1992-ci il vertolyot hadisəsindən 23 il ötür...

28 Yanvar 2015 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi növbəti terror hadisəsindən 23 il ötür.

Belə ki, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki vertolyotu ermənilər tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulub.

Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş verib. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olub.

Xatırladaq ki, bu hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunu atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Mediainfo.az