Seymur Həziyevin məhkəməsi davam etdirilib

Seymur Həziyevin məhkəməsi davam etdirilib

27 Yanvar 2015 18:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Abşeron Rayon Məhkəməsində həbsdə olan jurnalist Seymur Həziyevin və Məhərrəm Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə Seymur Həziyevin vəkili Adil İsmayılov məhkəmə istintaqının yenilənməsi barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Daha sonra digər vəkil Elton Quliyev çıxış edərək, S. Həziyevin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Proses yanvarın 29-da davam etdiriləcək.

Xatırladaq ki, Abşeron rayon Polis Şöbəsi və Abşeron rayon Prokurorluğunun birgə yaydığı məlumata görə, ötən il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur Həziyevlə Bakı şəhər sakini Məhərrəm Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və S. Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla həmçinin M. Həsənovun aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, S. Həziyevi söyərək yumruqla vurub sonuncuya bədən xəsarətləri yetirməsində əsaslı şübhələr müəyyən edildiyindən o, sentyabrın 3-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

M. Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Mediainfo.az