Sevinc Osmanqızı: "Yaxşı ki, həyat mənə bu günü də qismət etdi"

Sevinc Osmanqızı: "Yaxşı ki, həyat mənə bu günü də qismət etdi"

23 Yanvar 2015 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov Rayon Məhkəməsində jurnalist Sevinc Osmanqızı barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən iclasda S.Osmanqızının vəkili Tamilla Ələkbərova çıxış edib. O, müvəkkilinin prosesdə iştirak edə bilməyəcəyini deyib.

Bundan sonra Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Tağıyevin vəkili çıxış edib. O, S.Osmanqızının iştirakı olmadan da məhkəmə prosesinin keçirilməsinə razı olduqlarını bildirib və vəsadətin yerinə yetirilməməsinə qarşı çıxmayıb: "Sevinc xanım bu işi siyasiləşdirir. Onun məqsədi başqadır. Yəqin ki, siyasi sığınacaq almaq istəyir. Onların 2 azyaşlı uşağı vardır. Buna görə məhkəmənin qapalı keçirilməsini xahiş edirik".

S.Osmanqızının vəkili Tamilla Ələkbərova da məhkmənin qapalı keçirilməsinə etiraz etməyib. Beləliklə, prosesin qapalı keçirilməsinə qərar verilib.

Məhkəmə prosesi fevralın 3-də dəvam etdiriləcək.

Qeyd edək ki, Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın "CBC" (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.

Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın "Xəbərlər" redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb.

O, "Açıq söhbət" siyasi debat proqramının moderatoru olub və şəhid jurnalist Osman Mirzəyevin qızıdır.

Bu arada haqqında cinayət işi açılan jurnalist Sevinc Osmanqızı öz facebook səhifəsində son hadisələrlə bağlı fikirlərini qeyd edib: "Yaxşı ki, həyat mənə bu günü də qismət etdi. Kimisinin könüllü "cığallıq" etməsi, kimisinin də təmənnasız müdafiəyə qalxmasının şahidi oldum. Görünür, hər bir insanın içində özünəməxsus ədalət və haqsızlıq barometri var. Bəzilərini qeyrət, digərlərini isə alçaqlıq üçün şərait axtarmağa vadar edir. Allah heç kəsi öz şərəfindən keçəcək qədər alçaltmasın. Dünyanın heç bir sərvəti buna layiq deyil."

Mediainfo.az