Azadlığa buraxılan generalın məhkəməsi başlayıb

Azadlığa buraxılan generalın məhkəməsi başlayıb

22 Yanvar 2015 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Nəsimi Rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Bakı Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Şahin Sultanovun vəkili Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərdən birinin müdafiəçisi iştirak etmədiyindən prosesdə 20 dəqiqə fasilə elan olunub.

Vəkil iclasın Nəsimi Rayon Məhkəməsində keçirilməsinə də aydınlıq gətirib. Bildirib ki, Bakı Hərbi Məhkəməsində böyük iclas zalı olmadığından işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında baxılır. A. Məmmədov iş üzrə 30-dan çox təqsirləndirilən şəxsin olduğunu deyib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında ötən il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb.

Prosesdə Ş. Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Mediainfo.az