Ukraynalılar Donetsk hava limanını tərk ediblər

Ukraynalılar Donetsk hava limanını tərk ediblər

22 Yanvar 2015 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hərbçiləri uzunmüddətli döyüşlər və bombardmanlar nəticəsində xarabalığa çevrilmiş Donetsk hava limanını tərk edib.

APA-nın xəbərinə görə, bu barədə "Azov" könüllülər batalyonunun Facebook səhifəsində məlumat verilib. "Ukrayna döyüşçüləri cəmi bir il əvvəl gözəl və müasir aeroport olan Donetsk hava limanını tərk etməyə məcbur olublar. Qəhrəmanlıq epopeyası 242 gün davam edib. Bu, Böyük Vətən müharibəsində Stalinqrad və Moskvanın müdafiəsi müddətindən daha çoxdur", - deyə açıqlamada bildirilir.

"Censor.net" saytının baş redaktoru Yuri Butusov da məlumatı təsdiqləyib: "Yeni və köhnə terminal, dispetçer qülləsi və müdafiə üçün dayaq məntəqəsi rolunu oynayan nə varsa, hamısı məhv edilib. Aeroport birbaşa atəş altındadır və yeni terminalın xarabalıqlarının sağ qalan son müdafiəçiləri yalnız bu gün oranı tərk ediblər".

Y. Butusov yeni terminalın mühasirə həlqəsini yarmaq üçün uğursuz əməliyyatlar təşkil edən Baş Qərargah rəisi Viktor Mujenkonu ittiham edib. O, bu barədə Baş Prokurorluğa müraciət edəcəyini söyləyib.

Qeyd edək ki, Donetsk hava limanı ətrafındakı bir neçə kənd hələlik Ukrayna ordusunun nəzarətində qalır.

Mediainfo.az