Xırda Babayeva: "Özümə yalnız ölüm arzulayıram"

Xırda Babayeva: "Özümə yalnız ölüm arzulayıram"

21 Yanvar 2015 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda 2 aylıq uşağı oğurlamaqda təqsirli bilinən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, törətdiyi əməldən peşman olduğunu, özünü təqsirli olduğunu deyib: "Televizora baxdım, ürəyim ağrıdı. Uşağım olmurdu. Getdim, qaçırdım, ancaq məqsədim baxmaq olub. Ayseldən də üzr istəyirəm. Özümə ancaq ölüm arzuluyuram".

Təqsirləndirilən şəxsdə ifadə verəndən sonra məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilsə də, o çıxışa hazır olmadığından vaxt istəyib. Məhkəmə prosesi yanvarın 28-i davam etdiriləcək.

Qeyd edək ki, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin "102" xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki "Nəsimi" adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.
Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü "İmkansız ailələrə yardım fondu"nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.
Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.

Qeyd edək ki, A.Əhmədova körpəsini daha sonra uşaq evinə verib. O, bu qərarını övladını saxlaya bilməməsi ilə izah edib.

Mediainfo.az