Hövsanda keçirilən aksiya zamanı ölən olub - FOTO

Hövsanda keçirilən aksiya zamanı ölən olub - FOTO

19 Yanvar 2015 11:45
Bəyəndim (0) Bəyənmədim (0)
Direktorun “Sənin atan evdən gedəndə yerində əvəzedici qoyur?”kəlməsi ona baha başa gəldi

118 saylı Hövsan kənd orta məktəbinin direktorunun hərəkəti valideynlərin narazılığına səbəb olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər məktəbin ətrafına toplaşan kənd sakinləri məktəbin direktoru Qardaşxan Səlimovdan şikayət edirlər. Onlar direktorun məktəbdə təhsil sistemini düzgün idarə etmədiyini, vaxtında dərsə gəlmədiyini, şagirdlərlə təhqir formasında danışdığını bildirirlər.

Kənd camaatının sözünə görə, məktəbin tarix müəllimi uzun müddət dərsə gəlməyib. Yanvarın 16-da məktəbin IX sinif şagirdi direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyib. Məktəb direktorunun şagirdə cavabı isə belə olub: "Sənin atan evdən gedəndə yerində əvəzedici qoyur?"

Kənd camaatının narazılığına da məhz direktorun bu sözləri səbəb olub. Bu gün saat 09:00-da 50-60-a yaxın kənd sakini məktəbin qarşısına yığışaraq direktora etiraz edir.

Əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları gəlib, idarənin rəisiTəhmasib İbrahimov da hadisə yerindədir.

Aksiya zamanı 22 yaşlı Əliyev Elmar Rəcəbəli oğlu qıcolmadan dünyasını dəyişib. Hazırda onun ölüm səbəbləri araşdırılır.

Suraxanı Rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimov bildirib ki, Elmar Əliyevin ölüm faktı ilə bağlı Rayon Prokurorluğunda araşdırma aparılır: "Həkimlər mənə bildirdilər ki, ölən şəxs epilepsiya xəstəsidir".

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Suraxanı Rayon Şöbəsinə aparılıb.

Məsələ ilə bağlı Bakı şəhəri Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli açıqlamasında deyib ki, hazırda özü və idarənin məsul əməkdaşları hadisə yerinə ezam olunub. Onun sözlərinə görə, hadisə yerində müvafiq araşdırma aparacaqlar, yalnız bundan hadisə barədə dəqiq məlumat veriləcək.

Mediainfo.az