ABŞ səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar - FOTO

ABŞ səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar - FOTO

16 Yanvar 2015 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 15-də ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays və səfirliyin mətbuat katibi Nikolas Barnet Azərbaycan Mətbuat Şurasında olublar.

Şuradan Apa-ya verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. MŞ-nin tərkibi barədə söz açan Ə.Amaşov qurumun sıralarında ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsil olunduğunu diqqətə çatdırıb. Ə.Amaşov Azərbaycanda söz və ifadə azadlığı ilə əlaqədar məsələlərdən də bəhs edib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Şuranın şikayətləri araşdırması təcrübəsi barədə məlumat verib.

Qonaqlar ABŞ səfirliyinin Azərbaycanda azad medianın inkişafında maraqlı olduğunu, bununla bağlı məsələlərə dəstək göstəriləcəyini vurğulayıb. Onlar həmçinin medianın özünütənzimləməsini həyata keçirən Azərbaycan Mətbuat Şurası ilə mövcud sahədəki əməkdaşlığın vacibliyini bildiriblər.

Görüşdə söz və ifadə azadlığının müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Mediainfo.az