Qanunsuz ovlara qarşı reydlər keçirilib

Qanunsuz ovlara qarşı reydlər keçirilib

15 Yanvar 2015 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə 9-14 yanvar tarixlərində növbəti reydlər keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Şəki rayonunun Biləcik kəndi ərazisində ovla məşğul olan Abbas kənd sakini Hacıalı Yusubov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Zaqatala rayonu Kəpənəkçi kəndi ərazisində keçirilmiş reyd zamanı kənd sakinləri Mənsur Zurabov və Mayıl Qəribov saxlanılıb, onlardan 2 ov tüfəngi, 10 patron götürülüb. Təqsirkar şəxslər barəsində akt və protokol tərtib olunaraq hər birinə 1000 manat məbləğində cərimə tətbiq edilib.
Yevlax rayonu Piriuşağı kəndi ərazisində keçirilmiş reyd zamanı ov edən kənd sakini Ayaz Əliyev saxlanılaraq ondan 1 ov tüfəngi, 10 patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucusu barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Bərdə rayonu Qılınclı kəndi ərazisində ovla məşğul olan İsmayıllı rayon Qoşakənd kənd sakini Vidadi Əliyev və Bakı şəhər sakini Vüqar Əhmədov saxlanılaraq onlardan 3 ov tüfəngi, 30 patron götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq hər biri 2000 manat məbləğində cərimə edilib.

Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində reydlər davam etdirilir.

Mediainfo.az