Rəsul Cəfərovun məhkəməsi başlayıb

Rəsul Cəfərovun məhkəməsi başlayıb

15 Yanvar 2015 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Rəsul Cəfərovun vəkili Fariz Namazlı çıxış edərək cinayət işinə xitam verilməsi, ekspertiza aparan ekspertlərin məhkəməyə çağırılaraq dindirilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, prosesin audio və video yazısının aparılması, həbs qətimkan tədbiri dəyişməyəcəyi təqdirdə təqsirləndirilən şəxsin proses zamanı vəkilinin yanında əyləməsi və məhkəməyə təqdim olunan digər sənədlərin iş materiallarına əlavə olunması barədə vəsatətlər verib.

Prokuror Mübariz Mirili çıxış edərək onların təmin olnmamasını istəyib.

Cinayət işi üzrə zərərçəkən kimi tanınan Anar Nağılbaz (Cəbiyev) və Əhməd Heybətov isə məhkəmədən vəsatətlərin təmin olunmasını xahiş ediblər.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərar açıqlanıb. Qərara əsasən, vəsatətlərdən yalnız biri - əlavə sənədlərin iş materiallarına qoşulması barədə vəsatətin təmin olunduğu açıqlanıb.

Məhkəmə baxışı yanvarın 27-nə təyin olunub

Qeyd edək ki, R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq dövründə R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham da elan olunub.

Mediainfo.az