Salyanda sürücü sükan arxasında ölüb - FOTO

Salyanda sürücü sükan arxasında ölüb - FOTO

14 Yanvar 2015 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonunda sürücü sükan arxasında ölüb.

Salyan rayon Polis Şöbəsindən Apa-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Salyan şəhərinin Xəlil Rza Ulutürk prospektində qeydə alınıb. Rayon sakini, 47 yaşlı Asiman Tağıyev idarə etdiyi "VAZ-21015" markalı 15 BL 780 dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarında dayanmış 51 yaşlı Etibar Hümbətova məxsus "Mercedes" markalı 90 LV 352 dövlət nömrə nişanlı maşına çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Sürücü isə sükan arxasında dünyasını dəyişib.

Hadisə yerinə təcili tibbi yardım gəlib, sürücünün meyiti daxili və xarici müayinə olunmaq üçün morqa aparılıb. Salyan rayonlararası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəisi Eldar Məhərrəmov bildirib ki, xarici müayinə zamanı meyitin üzərində heç bir xəsarət aşkar olunmayıb. Ölən şəxsin yaxınlarının dediyinə görə, Asiman Tağıyev 10 ilə yaxındır ki, ürək problemindən müalicə olunub. Elə son günlər də şiddətli ürək ağrılarından şikayətlənib. Ehtimal olunur ki, taksi sürücüsü olan Asiman Tağıyev sükan arxasında dünyasını dəyişdikdən sonra avtomobil idarə olunmaz vəziyyətdə digər avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az