“Sahil” bağında bıçaqlanan oğlan: “Həsən dedi ki, komanda verməsəm, it heç kimi tutmaz”

“Sahil” bağında bıçaqlanan oğlan: “Həsən dedi ki, komanda verməsəm, it heç kimi tutmaz”

12 Yanvar 2015 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

"Sahil" bağında ölümlə nəticələnən insident zamanı ağır bıçaq yarası almış Məmmədzadə Orxan Tahir oğlunun həyatı üçün heç bir təhlükə yoxdur. Bu barədə APA TV-yə Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib. Qarın nahiyəsinin deşilmiş, kəsilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilən Orxan Məmmədzadə əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə, daha sonra palataya köçürülüb. Səbayel rayon prokurorluğundan APA TV-yə bildirilib ki, artıq Orxan Məmmədzadədən hadisə ilə bağlı müvafiq izahat alınıb. Oğlan ifadəsində 4 ildən artıqdır professional boksla məşğul olduğunu, məşqdən çıxdıqdan sonra dostu Həsən Həsənovla Sahil bağında görüşdüyünü deyib. Onun sözlərinə görə, insidentə səbəb olduğu iddia edilən iti birlikdə gəzdiriblər. O İtin guya qızlara hürməsi, münaqişəyə də bunun səbəb olması versiyasını təsdiqləməyib. Orxan Məmmədzadə bildirib ki, it qızlara tərəf yaxınlaşan zaman onlar qorxaraq kənara çəkiliblər. Bu vaxt arxadan gələn gənc bir oğlan söhbətə müdaxilə edib. Orxan Məmmədzadə bildirib ki, mərhum Həsən Həsənov onunla mübahisə edən Elçin Çobanova itin yalnız müvafiq komanda verilən zaman kimisə tutduğunu deyib. O bildirib ki, buna görə narahat olmağa dəyməz. Elçin Çobanov isə hətta komanda verilsə belə, itin heç kimi tuta bilməyəcəyini deyib və mübahisə davaya çevrilib. Nəticədə 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov ona iki, dostu Həsən Həsənova isə bir bıçaq zərbəsi endirib. Zərbə Həsənovun ürək nahiyəsinə düşdüyündən o hadisə yerində ölüb. Orxan Məmmədzadənin müalicəsi hazırda həkim nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.7 maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.
Mediainfo.az