Vəkil: “Şahin Əliyev Aleksandr Zıkovu qula çevirməyib”

Vəkil: “Şahin Əliyev Aleksandr Zıkovu qula çevirməyib”

6 Yanvar 2015 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna vətəndaşı Aleksandr Zıkovu Ağstafadakı fermasında qul kimi saxlayıb işlətməkdə, onun sənədlərini əlindən almaqda ittiham edilən Şahin Əliyevin vəkili Ceyhun Yusifov virtualaz.org saytına açıqlamasında müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.

"Ukrayna vətəndaşı Aleksand Zıkov 20 ildən artıq Azərbaycanın müxtəlif rayonlarında öz seçiminə əsasən fərdi əməklə məşğul olub. Bunun müqabilində müxtəlif formalarda çalışmaqla gəlir əldə edərək həyat şəraitini formalaşdırıb. Müdafiə etdiyim şəxs heç vaxt ona hədə-qorxu gəlməyib, məcburi əməyə cəlb etməyib, qul kimi rəftar etməyib. Hətta Şahin Əliyev bir neçə il Rusiyada olarkən Zıkov digər rayonlarda könüllü şəkildə vətəndaşların fermer təsərrüfatlarında çalışıb. Onun üzərində daim mobil telefon olub. Əgər Zıkovun dediyi kimi, Şahin Əliyev tərəfindən məcburi saxlanılmışdısa, ferma sahibi uzun müddət Rusiyada olan zaman həmin ərazini tərk edərdi" - deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə, A.Zıkov mütəmadi olaraq kənddə keçirilən toylarda, mərasimlərdə iştirak edib: "Bununla bağlı videoçəkilişlər mövcuddur. Əgər ona qarşı hər hansı hədə-qorxu, təzyiq olsaydı, kənd sakinlərinə bu barədə məlumat verərdi".

Qeyd edək ki, dünən bir çox saytlar "Sensasiya: Ukrayna vətəndaşı Ağstafada 23 il qul kimi saxlanıb" başlıqlı sensasion məqalə dərc edib. Həmin yazıda Ş.Əliyevin Ukrayna vətəndaşını kölə etdiyi deyilir.

Yada salaq ki, hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonu, Köçəsgər kənd sakini, 1960-cı il təvəllüdlü Əliyev Şahin Kərəm oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Mediainfo.az