"Dünya azərbaycanlılarını birləşdirən sayta ehtiyac var"

"Dünya azərbaycanlılarını birləşdirən sayta ehtiyac var"

23 İyun 2011 22:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyasının üzvü, siyasi texnoloq Yuri Boçarov "Odnoklassniki" saytının prinsipi üzrə dünyanın bütün azərbaycanlıları, əslən Azərbaycandan olanları, respublikanın işıqlı gələcəyi, özünün ərazi bütövlüyü uğrunda mübarizəsinə laqeyd olmayan insanları birləşdirə biləcək informasiya saytı yaratmağı təklif edir. O, ideyanı dünya azərbaycanlılarının qarşıdan gələn qurultayına həsr edilmiş "Dünya azərbaycanlıları"nı kim birləşdirəcəkdir?" adlı məqaləsində irəli sürüb.
İsraildə yaşayan soydaşımız yazır: "Bu insanlar haqqında informasiya bizim öz aramızda əlaqələrimizi nizamlamağa kömək edər. O, birgə layihələr həyata keçirməyə başlamaqda, müştərək işlərlə, ola bilsin ki, birgə biznes fəaliyyəti ilə məşğul olmağa, ən başlıcası respublikamıza birlikdə kömək etməyə imkan verər. Axı nə qədər bayağı səslənsə də, biz yalnız birlikdə güclüyük, biz yalnız birlikdə qalib gələcəyik.
Bu sayt həmin insanlar haqqında, onların iş yerləri və imkanları haqqında demək olar ki, istənilən informasiyanı toplamağa imkan verər, həm də xaricdə yaşayan soydaşlarımızın bir-biri ilə dostluq və işgüzar əlaqələr yaratmasına kömək edərdi. Bu, respublikanın da xeyrinə olardı. "Vikipediya" saytının prinsipi üzrə "Dünya azərbaycanlıları" adlı məxsusi ensiklopedik sayt yaratmaq olardı, xaricdə yaşayan hər bir soydaşımız həmin sayta ödənişli əsaslarla özünün avtobioqrafik məlumatlarını daxil edər, həyat yolu barədə söhbət açar, təcrübə mübadiləsi aparar, öz fotoşəkillərini yerləşdirə bilərdi. Bu sayt Azərbaycan xalqının mədəni irsinin və nailiyyətlərinin yayılması məsələsində yaxşı təbliğat vasitəsinə çevrilə bilərdi".

Könül Aypara