Azərbaycanlı qəhrəmanın şərəfinə abidə ucalıb
İyunun 24-də Ukraynanın Dnepropetrovsk vilayətinin Tsariçan rayonunun
inzibati mərkəzində Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Fariz
Səfərovun abidəsinin açılışı olacaq. Bu
münasibətlə keçiriləcək təntənəli mərasimdə Azərbaycan Respublikasının
Ukraynadakı səfiri Eynulla Mədətli, dövlət qurumlarının və ictimaiyyətin
nümayəndələri, müxtəlif regionlarındakı, o cümlədən Krımdakı Azərbaycan
diasporunun, habelə kütləvi informasiya vasitələrinin çoxsaylı
nümayəndələri iştirak edəcəklər.
Qəhrəmana abidə ucaldılması
təşəbbüsünü Dnepropetrovsk vilayət sovetinin deputatı Fəxrəddin Muxtarov
irəli sürüb. O, abidənin qoyuluşu ilə əlaqədar bütün maliyyə
xərclərini öz üzərinə götürüb.
78-ci qvardiya atıcı
alayının (25-ci qvardiya atıcı diviziyası, 6-cı ordu, Cənub-Qərb
cəbhəsi) pulemyot heyətinin komandiri, qvardiya baş serjantı Səfərov
Fariz Məcid oğlu 1943-cü il sentyabrın 26-na keçən gecə ön dəstənin
heyətində Voyskovoye kəndi yaxınlığında (Ukraynanın Dnepropetrovsk
vilayətinin Solomyanski rayonu) Dnepr çayını keçib. O, düşmənin
çoxsaylı hücumlarını dəf edərək onun canlı qüvvələrinə ciddi tələfat
yetirmiş, eyni zamanda bizim atıcı bölmələrinin çayı keçməsinə kömək edib. 1944-cü il martın 19-da Fariz Səfərova Sovet İttifaqı
Qəhrəmanı adı verilmiş, ona Lenin ordeni və "Qızıl ulduz" medalı təqdim
edilib.
Qəhrəmanlar heş vaxt ölmürlər. Onlar heç vaxt unudulmurlar!
Könül Aypara