Konsulluqlara göndərilən toz tabaşir tozu imiş
İstanbuldakı Qərb ölkələrinin konsulluqlarına zərflərdə göndərilən "təhlükəli toz" adi tabaşir imiş. Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə nazirinin müavini Eyyub Gümüş açıqlama verib.
Onun sözlərinə görə, ekspertlər zərflərin içindəkiləri diqqətlə tədqiq ediblər və onlarda hər hansı radioaktiv və bioloji element aşkarlamayıblar.
Xatırladaq ki, içərisində sarı tozun olduğu bağlamalar İstanbuldakı Belçika, Almaniya, Kanada, Macarıstan, Fransa və ABŞ konsulluqlarına göndərilmişdi. Ankara Şəhər Məhkəməsi də analoji zərf almışdı. Bununla əlaqədar binalarda olanlar təcili təxliyə edilmiş, material isə təhqiqata göndərilmişdi.
Zərflə təmasda olmuş əməkdaşlar təhlükə müəyyən edilmədiyi üçün artıq evlərinə buraxılıblar.
Mediainfo.az